Ombudsman nümayəndəsi beynəlxalq vebinarda iştirak edib

Ombudsman nümayəndəsi beynəlxalq vebinarda iştirak edib
  06 İyun 2020    Oxunub:4149
Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə “Məcburi yerdəyişməyə məruz qalmış şəxslərin COVID-19 şəraitində müdafiəsi: Milli İnsan Hüquqları Təsisatlarının rolu və təcrübəsi, BMT QAK-la əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq vebinar keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, tədbirin keçirilməsinin məqsədi məcburi yerdəyişməyə məruz qalmış şəxslərin pandemiya dövründə hüquqlarının təbliği və müdafiəsi sahəsində Milli İnsan Hüquqları Təsisatlarının təcrübələrinin bölüşülməsi, bu sahədə strategiyalar hazırlanması, gələcək birgə fəaliyyətin əsas istiqamətlərinin müəyyən edilməsi və bununla bağlı əlaqələndirmə işinin genişləndirilməsidir.

Müxtəlif ölkələrin ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri, BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Jimenez-Damarinin, habelə BMT QAK-ın Baş Qərargahının və təşkilatın ayrı-ayrı ölkələr üzrə nümayəndəliklərinin əməkdaşlarının iştirak etdiyi vebinara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova, BMT QAK-ın Azərbaycan Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva da qoşulub, mövzu üzrə müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, 10 milyon əhalisi olan Azərbaycanda məcburi köçkünlər ölkə əhalisinin on faizini təşkil edir ki, praktiki olaraq belə vəziyyət heç bir ölkədə müşahidə olunmur. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Təcavüzkar və işğalçı Ermənistan BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməməklə beynəlxalq hüququn tələblərinə məhəl qoymamaqda davam edir.

Bildirilib ki, indiyə qədər 315 mindən çox məcburi köçkün xüsusi inşa edilmiş 111 müasir tipli qəsəbəyə köçürülüb və bu proses mərhələli şəkildə davam etdirilir.

Vurğulanıb ki, bu əhali qrupunun rifahının yaxşılaşdırılması və təhlükəsiz şəraitdə öz doğma yurdlarına dönməsi Azərbaycan Respublikası üçün prioritet məsələ olaraq qalır.

Qeyd edilməlidir ki, məcburi köçkünlük vəziyyətində Milli İnsan Hüquqları Təsisatlarının rolunun artırılması xanım Sesilia Jimenez-Damarinin BMT-nin İnsan Hüquqları Şurasına bu mövzuda 2019-cu ildə təqdim etdiyi xüsusi hesabatında əks etdirilib.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti