“Turizm Könüllüləri” yeni layihəyə başlayıb
Onlayn görüşdə könüllüləri maraqlandıran suallara cavab verən Kənan Qasımov agentliyin sənaye assosiasiyaları ilə sıx əməkdaşlıq etdiyini, onlar vasitəsilə gənclər üçün yeni iş yerlərinin yaradılması və təcrübəyə cəlb olunmaları imkanlarından, həmçinin qurumun regionlarda yerləşən tabeliyindəki müəssisələrdə iş imkanlarından danışıb.
O, turizm sahəsində startap və innovativ təşəbbüslərlə bağlı verilən suala cavab olaraq bildirib ki, agentlik və tabeliyindəki Azərbaycan Turizm Bürosu yeniliklərə daim açıqdır, qurum bu sahədə keçirilən bir sıra müsabiqələrə tərəfdaş və sponsor qismində dəstək göstərib.
Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyalarının istifadəsinin önəmindən danışan aparat rəhbəri, Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün təlimlərin keçirildiyi “E-öyrənmə” onlayn təlim platforması, “Azerbaijan.travel” saytının çoxçeşidli imkanları, “SAHMAN” proqramı, “meetinazerbaijan.com”, “skiazerbaijan.az” və s. bir sıra veb-saytlar, həmçinin “Macəra Yaxındadır” platforması barədə məlumat verib.
O, həmçinin DTA tabeliyindəki ali və orta-ixtisas təhsil müəssisələrində turizm üzrə tədris proqramı, daxili turizmin inkişafı, eləcə də regional turizmin inkişafı, yeni turizm məhsullarının yaradılması və digər mövzular barədə moderator və izləyicilərin ünvanladıqları sualları cavablandırıb.
Sonda Kənan Qasımov turizm sahəsində könüllülük fəaliyyətinin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı bilik və bacarıqlar əldə etməkdə mühüm rol oynadığını, keyfiyyətli təhsilin əsas məqam olduğunu qeyd edərək Agentliyin bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb və könüllülərə öz tövsiyələrini verib.
Qeyd edək ki, “Voluntourizoom online hub” layihəsinin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ixtisaslaşmış ekspertlərlə bir araya gətirməkdir.
Eləcə də son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək, könüllülər tərəfindən təqdim olunan təklifləri qiymətləndirmək də layihənin məqsədləri sırasındadır.
Dövlət və ictimai qurumları təmsil edən 11 spikerin müxtəlif mövzular üzrə iştirak edəcəyi növbəti görüşlər də “Zoom” platforması vasitəsilə həyata keçiriləcək və iyunun 24-dək davam edəcək.
Azvision.az