Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan edir

Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan edir
  11 İyun 2020    Oxunub:2330
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında müsabiqə elan edilir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Müsabiqənin başlanması haqqında elan hər ayın ilk 2 iş günü ərzində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında dərc ediləcək. Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanacaq və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.

Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.

Azvision.az


Teqlər: KTN   Müsabiqə   Fermer  





Xəbər lenti