Azərbaycan iqtisadiyyatı üçqat fiskal şoka məruz qalıb

 Azərbaycan iqtisadiyyatı üçqat fiskal şoka məruz qalıb
  18 İyun 2020    Oxunub:3595
Azərbaycan iqtisadiyyatı COVID-19 qlobal pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal şoka məruz qalıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Natiq Əmirov deyib.

"Birincisi, qlobal ticarətin və artımın azalması nəticəsində neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İkincisi, neftin qiymətinin düşməsindən sonra pandemiya ilə əlaqədar karantinə qədər gəlirlərin, həmçinin iqtisadi və investisiya fəaliyyətinin azalması müşahidə olundu. Üçüncüsü, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək xərcləri artmışdır. Bu mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük orqanlarının güclü fəaliyyəti sayəsində bu ilin ilk beş ayı üzrə büdcənin icrası müsbət olmuşdur. Büdcə profisiti 1,1 milyard manat təşkil etmişdir", - deyə N.Əmirov qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, gələcəkdə büdcə siyasəti sosial müdafiə və iş yerləri ilə makroiqtisadi sabitliyə dəstəyin göstərilməsi və neft fondunda rahat rezervlər səviyyəsinin saxlanılması arasında optimal balansı tapmaqdan ibarət olan əsas hədəfə cavab verməlidir. O, bunun üçün qaydaları hazırlamaq və optimal balansı tapmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlığı davam etdirməyin məqsədəuyğunluğunu vurğulayıb.

Azvision.az


Teqlər: Natiq-Əmirov   İqtisadiyyat  





Xəbər lenti