Azərbaycanın iqtisadi gücü: Strateji siyasət öz nəticələri göstərir

 Azərbaycanın iqtisadi gücü:  Strateji siyasət öz nəticələri göstərir
  09 İyul 2020    Oxunub:3447
Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxından dəstəklənməsi siyasəti davam etdirilir. Prezident İlham Əliyevin yerli televiziyalara müsahibədə qeyd etdiyi kimi, ölkəmiz pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün həm vətəndaşlarımızın sosial təminatının daha yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə veriləcəyi də bunu bir daha təsdiq edir.

"Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. Ölkəmizdə aparılan islahatlar, xüsusən də son 6 ildə daha da dərinləşdirilmiş islahat paketi nəticəsində pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğrayıb".



V.Bayramov qeyd edib ki, inkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 fazidir: "Uzun müddət sürətli artımı ilə fərqlənən Çində pandemiya səbəbindən ÜDM 7 faizdən çox azalıb. Avrozonada aktivlik pandemiyadan əvvəlki dövr ilə müqayisədə 18 faiz azalıb. Göründüyü kimi, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmağa nail olan ölkələrdən hesab olunur. Cənab Prezidentin bəyan etdiyi kimi, pandemiya dövründə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır".

Deputat qeyd edib ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının güclənməsinə səbəb olub.

"Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada azsaylı ölkələrdən biridir. Pandemiyanın davam etdiyi növbəti dövrlərdə də bizim maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxirə salınmayacaq. Büdcədən maliyyələşən sosial ayırmalar həyata keçiriləcək. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bu isə ondan xəbər verir ki, pandemiyanın davam edəcəyi halda növbəti aylarda da dövlət dəstəyinin güclənməsini müşahidə edəcəyik. Həmçinin vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub ki, bu da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək. Bu baxımdan dövlət növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsini həyata keçirəcək".

V.Bayramov əlavə edib ki, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu, Azərbaycanın iqtisadi gücünü və humanist siyasətini xarakterizə edən göstəricilərdəndir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Koronavirus  





Xəbər lenti