Neftin qiyməti 14 dollar olsaydı, nə baş verərdi?

 Neftin qiyməti 14 dollar olsaydı, nə baş verərdi?
  09 İyul 2020    Oxunub:2777
"2019-cu ildə Dövlət Neft Fondunun gəlirləri 19 milyard manat olub. Bu gəlirlərin 14.6 milyard manatı neftin ixracından əldə edilən gəlirlərdir. 4.4 milyard manatlıq gəlir isə digər fəaliyyətlərdən əldə olunub".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 dollar olub.

"Bu 19 milyard manatdan 11.3 milyard manatı dövlət büdcəsinə köçürülüb, 200 milyon manatı isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib. Əgər neftin qiyməti 14 dollar olsaydı, nə baş verərdi? Təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən 3 milyard manat olacaqdı. Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunu gəlirləri 7.4 milyard manat olacaqdı.

Heç bir xərcləri ixtisar etməsək və neft fondundan dövlət büdcəsinə köçürmələri 2019-ci ildəki kimi yüksək səviyyədə saxlasaq, onda təqribən 4 milyard manat çatmayacaqdı (11.4-7.4). Bu da 2.35 milyard dollar edir. Heç bir əlavə tədbirlərin görülməməsini fərz etsək, Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqin illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etməzdi. Yəni, neftin qiymətinin 14 dollar olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq islahatları və qeyri-neft sektorunun inkişaf tempini nəzərə alsaq, onda mənzərə xeyli yüngülləşir", - deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Neft   Qiymət   Deputat  





Xəbər lenti