Qida təhlükəsizliyinə dair hesabat hazırlandı

Qida təhlükəsizliyinə dair hesabat hazırlandı
  13 İyul 2020    Oxunub:3982
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib.

“Bu, indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılıb.

Eyni zamanda Agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və s. istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.

Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir.

Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilmişdir.

Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticə əsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb. Müvafiq yanaşmaya əsasən monitorinq və qiymətləndirmə 2019-cu il üzrə ilkin buraxılış indikatorları üzərindən aparılıb”.

Azvision.az


Teqlər: Qida   Dövlət-Proqramı  





Xəbər lenti