Ukrayna parçalana bilər – TƏHLİL

Ukrayna parçalana bilər – TƏHLİL
  23 Yanvar 2014    Oxunub:2259
Ukraynanın paytaxtı Kiyevdə gərgin vəziyyət qalmaqda və etirazçılarlarla hüquq-mühafizə orqanları arasında qarşıdurmaların miqyası günü-gündən genişlənməkdədir. Qarşıdurmaların geniş miqyas alması, tərəflərin get-gedə bir-birinə qarşı daha barışmaz mövqe tutması onu deməyə əsas verir ki, Ukrayna əsl vətəndaş müharibəsi ərəfəsindədir.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı “Molotov kokteyli”, fişəng kimi kustar üsulla hazırlanmış silahlardan, metal və taxta dəyənəklərdən istifadə edirlər. Etirazçıların sözlərinə görə, hakimiyyət nümayəndələri nümayiş iştirakçılarına dəyənək paylayıblar. Hər halda, bu, onu sübut edir ki, Ukraynada vəziyyətin gərginləşməsində hansısa kənar qüvvələrin də rolu və marağı var.

Qarşıdurmalar nəticəsində artıq iki nəfərin vəfat etməsi barədə məlumat yayılıb. Almaniyanın Kiyevdəki səfiri Kristof Vayl insan ölümü faktını artıq geriyə dönüşün olmadığı nöqtə kimi xarakterizə edib və Ukrayna hakimiyyətini təcili olaraq müxalifətlə danışıqlara dəvət edib.

Hadisələr Ukrayna rəhbərliyinin Avropa Birliyinə assosiativ üzvlüyə etiraz etməsindən sonra qarışdı. Ukrayna müxalifəti hakimiyyətin bu addımından istifadə etdi, Yanukoviçin bu qərarını “antimilli” adlandırdı və öz tərəfdarlarını etiraza çağırdı. Əhaliyə belə bir fikir təlqin olunmağa başlandı ki, prezidentin bu addımından sonra Ukrayna birdəfəlik Rusiyanın təsir dairəsinə keçir və Avropaya olan qapılar bu ölkə üçün bağlanır. Üstəlik, parlamentdə mitinqlərin keçirilməsini məhdudlaşdıran və internetdə hakimiyyətə qarşı böhtan xarakterli yazıların darcinə qarşı cəza tətbiqini nəzərdə tutan qanunların qəbulu etirazları daha da alovlandırdı və ölkənin totalitarizmə sürüklənməsinə inamı artırdı.

Əslində isə prezident Yanukoviçin Avropaya assosiativ üzvlükdən imtina etməsi qərarı yaranmış şəraitdə verilə biləcək ən doğru qərar idi. Yanukoviçi heç də rusiyayönümlü siyasətçi hesab etmək olmaz. O, hətta avropayönümlü də deyil. Yanukoviç iki güc mərkəzi arasında balanslaşdırılmış siyasət yürüdərək siyasi ömrünü uzatmağa çalışan fiqur kimi xarakterizə oluna bilər. Nə qədər qəribə səslənsə də, Ukrayna prezidenti əslində ictimai fikir və sosial sifarişə uyğun siyasət yeridir və bu siyasətini qarşıduran Rusiya ilə Qərbə bəyəndirməyə çalışır. Məhz buna görə, Brüssel assosiativ üzvlüklə bağlı qəti qərar verilməsi tələbini irəli sürdükdə, Moskva öz növbəsində bəyan etdi ki, Kiyev buna razılıq verərsə, Gömrük İttifaqına daxil olan ölkələrdən güzəştli heç bir məhsul ala bilməyəcək və bu ölkələrin bazarına da əvvəlki kimi asanlıqla daxil ola bilməyəcək.

Soyuq qışdan ölkəni çıxarmalı olan Yanukoviç assosiativ üzvlükdən imtina etdi, ancaq Gömrük İttifaqına da daxil olmadı. Moskva dərhal təbii qazın qiymətlərində Kiyev üçün yarıbayarı yeni il endirimləri etdi və əlavə olaraq Ukraynaya 15 milyard dollar yardım göstərdi. İflasın bir neçə addımlığında olan Kiyev vəziyyətdən çıxdı. Yeni müqaviləyə əsasən, Ukrayna Rusiyadan alınan hər min kub metr qaza görə 404 dollar deyil 268 dollar ödəyəcək. Ukrayna tərəfi müqavilənin 2019-cu ilədək qüvvədə olacağını bildirsə də, Rusiya bu müqavilənin ilin ilk üç rübü üçün keçərli olacağını bildirir.

Əslində Ukraynanın Gömrük İttifaqına daxil olmadan Rusiyanın bu ölkəyə dərhal yardım göstərməsi bu qurumun formal xarakter daşıdığını və qərarlarının heç bir hüquqi qüvvəyə malik olmadığını sübut etdi. Prezident Vladimir Putinin mətbuat konfransında Ukraynaya satılmalı olan boru kəmərlərinin qiymətinin gözlənilmədən artımı ilə bağlı sualına cavab olaraq, qiymət məsələsinin Gömrük İttifaqının həll etdiyini bildirməsi və ayrı-ayrı üzv dövlətlərin bu qərarlara təsir edə bilməməsi barədə söylədiklərinin cəfəngiyyatdan başqa bir şey olmadığını elə Putin özü sübut etdi.

Yanukoviç hiylə yolu ilə Rusiyadan 15 milyard yardım və müvəqqəti olaraq qazın qiymətində azalmanı əldə edə bildi. Lakin daxili narazılıqların artması Yanukoviçin hakimiyyətdə qalmasını sual altında qoyur. Buna görə Ukrayna hökuməti kartları açmaq məcburiyyətində qalıb və əhaliyə dolayı yolla anlatmalıdır ki, “bəs biz Rusiyaya kələk gəlmişik, Gömrük İttifaqına daxil olmaq fikrində deyilik və yalnız iqtisadi vəziyyətimizi normallaşdırmaq üçün assosiativ üzvlüyü müvəqqəti dondurmuşuq. Narahat olmayın, onsuz da Avropa da deyib ki, biz Ukraynanı gözləyəcəyik”.

Baş nazir Nikolay Azarovun Ukraynanın Gömrük İttifaqına daxil olmasının mümkünlüyü barədə danışmağa hazır olmadığını və hələ ki, qurumun normativ-hüquqi bazasını öyrənməyə çalışdığını bildirməsi əslində hakimiyyətin ictimaiyyətə kartlarını vaxtından tez açıb göstərməsi kimi qiymətləndirilə bilər. Baxmayaraq ki, bu, Rusiyanın qəzəbinə səbəb ola bilər. Güman etmək olar ki, Yanukoviç etirazların belə geniş miqyas alacağını proqnozlaşdırmamışdı və ən azı bir il müddətinə Gİ-na daxil olmanı uzatmaqla vaxt udacağını ehtimal edirdi.

Digər tərəfdən, Ukrayna hakimiyyətinin özünün etirazların müəyyən həddə qədər alovlanmasında maraqlı olduğunu da irəli sürmək mümkündür. Yanukoviç etirazları bəhanə edərək Gömrük İttifaqına üzvlükdən boyun qaçıra bilər. Onsuz da Rusiya başqa çıxış yolu qalmadığı üçün Yanukoviçin hakimiyyətdə qalmasını hər vasitə dəstəkləməyə çalışacaq. Çünki Moskvanın Ukrayna müxalifətində güvənəcəyi başqa fiquru yoxdur ki, hakimiyyyətə gətirsin. Yanukoviçin getməsi isə, Rusiyanın Ukraynanın özündən asılı salmaq kimi imperialist planları bir yana, 15 milyardının qaytarılmasını da sual altına qoyur.

Belə olan halda Rusiyanın Ukraynayla bağlı iki çıxış yolu qalır. Birincisi hadisələri öz axarına buraxmaq və Yanukoviçə prezident kürsüsündə qalması üçün dəstək göstərmək.

İkincisi isə, Ukrayna daxilində hakimiyyətə qarşı narazılıqları daha da alovlandırmaq, ölkə ictimayyəti arasınada daban-dabana zidd fikir ayrılığını yaratmaq və son nəticədə dövlətin iki yerə parçalamasına nail olmaq. Bununla da ziyanın yarısından da qayıtmaq xeyirdir fikrinə uyğun olaraq şərqi Ukraynanın “tam hüquqlu” sahibinə çevrilmək.

Rusiya parlamentində gedən müzakirələr də onu sübut edir ki, Moskva hələlik bu iki fikir arasında var-gəl etməkdədir. Ehtimal etmək olar ki, Rusiya artıq “B” planı kimi Ukraynanın iki yerə bölünməsini nəzərdən keçirir. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bunu açıq bəyan etməkdən də çəkinmir. “Nə qədər ki, Ukrayna bölünməyib qırğın davam edəcək. Belə ki, ruslaşmış ukraynalılarla Avstriya-Macarıstanın tərkibində yaşamış qərblilər arasında dəyişmədən qarşıdurma olacaq ”- deyə Jirinovski Dumada gedən müzakirələr zamanı bildirib.

Jirinovskinin bəyanatlarına ciddi yanaşılmadığı bildirilsə də, müşahidələr göstərir ki, əslində məhz bu siyasətçi hakimiyyətin növbəti addımlarının anonsunu verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bəyanatında Moskvanın parçalanma planını nəzərdən keçirdiyini duymaq çətin deyil: “Mən Ukraynanın parçalanması ilə bağlı təxribati danışıqları dəstəkləmək istəməzdim. Biz bunun baş verməməsi üçün hər şeyi edirik. Biz vəziyyətin sabitləşdirilməsi üçün lazimi bütün addımları atacağıq”.

Lavrov çıxışının əvvəlində isə Avropalı nümayəndələrin qəsdən Ukraynadakı vəziyyəti gərginləşdirməkdə günahlandırıb. Rusiyalı rəsmilərin bu tip bəyanatları Qərbə xəbərdarlıq kimi də qəbul oluna bilər ki, əgər Avropa Ukraynada geri çəkilməsə Moskva ölkənin parçalanması planına start verə bilər. Eyni zamanda bu bəyanat Avropaya Rusiya tərəfindən bir təklif kimi də qəbul oluna bilər ki, Moskva Ukraynanın yarısını onlara yarısının isə özündə qalmasına razıdır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti