Tələbələrin Bakıya gəlməsinin mexanizmi hazırlanır

 Tələbələrin Bakıya gəlməsinin mexanizmi hazırlanır
  29 Avqust 2020    Oxunub:3773
"Rayonlara gediş-gəliş cəmiyyəti maraqlandıran əsas məsələlərdən biridir. Mən də çox istərdim ki, bu xoş xəbəri bu gün brifinqdə vətəndaşlara çatdırım. Ancaq çox təəssüf ki, bu xəbəri indiki şəraitdə çatdırmaq iqtidarında deyiləm".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, bir insan olaraq bizim də buna ehtiyacımız var.

"Yenə də burada əsas məqsəd və məram hamımızın sağlamlığını qorumaqdır. Amma ümid edək ki, yaxın vaxtlarda aparılacaq araşdırmalar nəticəsində belə bir qərarı da brifinqdən çatdırmaq iqtidarında olacağıq”.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüşdən əvvəl Təhsil Nazirliyi və aidiyyəti strukturlarla da fikir mübadiləsi və müzakirələr aparılıb:

"Hazırda Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları tərəfindən bunun mexanizmi işlənilir. Hətta burada ikinci bir sual da meydana çıxır ki, kimin tələbə kartı varsa, onlar asanlıqla Bakıya gələ bilərlər, amma bu il qəbul olunan tələbənin kartı yoxdur, bu məsələ necə olacaq? Bu sualların işlənməsi və cavabların ölkə ictimaiyyətinə çatdırılması üçün aidiyyəti qurumlara tapşırıq verilib ki, vətəndaşlar hər hansı çətinliklə üzləşmədən öz tədris müəssisələrinə gələ bilsinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Qəbul   Bakı   Gəliş  





Xəbər lenti