Qobustan həbsxanasında məhkumlar koronavirusa yoluxdu

 Qobustan həbsxanasında məhkumlar koronavirusa yoluxdu
  29 Avqust 2020    Oxunub:7547
Aparılmış testlər nəticəsində avqustun 29-da 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronavirusa yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub. Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.

Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilib və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən edilib. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.

Azvision.az


Teqlər: Koronavirus   Qobustan  





Xəbər lenti