“Avtomobildə saxlanılan dərmanlar ciddi problem yarada bilər” - Ekspert

  “Avtomobildə saxlanılan dərmanlar ciddi problem yarada bilər” -    Ekspert
  07 Sentyabr 2020    Oxunub:5236
"Son günlər avtomobildə dərman qutusu ilə bağlı mövzunun nədən aktuallaşdığı aydın olmasa da, xırda bir məsələni diqqətinizə çatdırım. 19 iyun 2020-ci il tarixdə həm "Yol hərəkəti haqqında" qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirildi. İndi o "dərman qutusu" yox, "ilk tibbi yardım qutusu" adlanır".
Azvision.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır:

"Hazırda həmin qutunun tərkibi Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin "Yol hərəkəti haqqında" qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinə tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin. Yəqin ki, Nazirlər Kabineti 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini sıyahıdan çıxaracaq. Məsələ burasındadır, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ciddi problem yarada bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Maşın   Tibbi-yardım  





Xəbər lenti