Bərdədə qaçırılan qız psixoloji xidmətlərə yönləndirilib

  08 Sentyabr 2020    Oxunub : 2804
Bərdədə qaçırılan qız psixoloji xidmətlərə yönləndirilib
Xəbər verildiyi kimi, sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb. O, şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb. Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, məsələ yerində araşdırılıb.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, nəticə olaraq həmin yetkinlik yaşına çatmayan şəxs Bakı şəhərində lazımi sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib, hüquqlarının təmini nəzarətdə saxlanılır:

"Qeyd olunmalıdır ki, sosial və mənəvi-psixoloji mahiyyətə malik olan bu kimi məsələlər hər birimizin dəstəyini tələb edir. Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir".

Azvision.az

Teqlər: Ombudsman