“Bakı boşanmış, deyingən bir qadına oxşayır”

“Bakı boşanmış, deyingən bir qadına oxşayır”
  11 Fevral 2013    Oxunub:2531
(Şair Aqşin Yenisey AzVision.az-a müsahibəsinin davamı. Əvvəli burada)

- “Tanrım, həyata acıqlan!
Çəkmələrimizi belə tez köhnəldir,
ayaqyalın qoymaq istəyir bizi
saçlarımızı tez ağardır, dişlərimizi
tez tökür.
Gecikmək lazım olanda tələsir,
Tələsmək lazım olanda gecikir.
Bir barmaq silkələ göydən... Tanrım, sənə min şükür!”

Və ya

“Səma – Tanrının nəhəng poeziyası...”

Aqşinin Tanrısı kimdir və ya nədir? Aqşin “tanrıtanımaz dindar”dırmı, yoxsa, panteistdir, yoxsa nə?
İstedad Tanrınınmı işidir, hədiyyəsidir, yoxsa cəzadırmı, əzabdırmı?


- O şeir Salam Sarvanla bizim uzunmüddətli yaxın tanışlığımızdan, dostluğumuzdan qaynaqlanan misralardır. Yaxşı bir şairin taleyinə mənim yanaşmamdır. Amma qaldı ki, mənim Tanrım kimdir və yaxud digər o dediyin şeylər... Hələ lap uşaqlıqdan, nə Quran, nə İncil oxumadığım vaxtlardan məni məscidə apara bilməyiblər. Mən üçüncü sinifdə oxuyanda arvadlar bizi çimizdirdilər ki, məscidə aparsınlar. Mən də getdim və gördüm ki, burada hamı ağlaşır. Mərsiyə deyirlər, ağlayırlar və anamı, qohumlarımı orada qoyub, gizlincə ayaqqabılarımı geyindim, çıxdım aradan. Bağrım çatladı orada. Aradan pərdə çəkilib, pərdənin o tərəfində arvadlar, bu tərəfində kişilər ağlaşır. Bir molla var, oxuyur ki, “-Sinələrin oxdur, yaraların çoxdur”. Kişilər orada hönkürür, arvadlar burada. Mən hələ üçüncü sinifdə oxuyanda qaçdım məsciddən və fikirləşdim ki, doğrudanmı, Allah insanları ancaq ağlayanda sevir? Yəni Allahın xoşuna gəlməkdən ötrü gərək hər gün ağlayasan, yaxud, qoyun kəsəsən? Ona görə mən belə Allahla münasibətlərimi kəsdim.
Uşaq vaxtı səhərlər babamın sübh vaxtı qıldığı namazın “-Sübhənallah, sübhənallah” avazına oyanmışam. Amma on yaşım olanda məsciddən qaçdım və həyətimizdə ağacın altında oturub düşündüm ki, bu Allah bu insanlardan nə istəyir? Bunlar nəyə görə ağlaşırlar? Sonra artıq ədəbiyyat oxudum, kitablarla tanış oldum. Mən sənə deyim ki, mənim həyatımda insanlardan çox kitabların rolu olub. Mən hələ heç bir kitabdan özümə xəyanət görməmişəm, amma insanlardan həmişə xəyanət görmüşəm. Sonradan hətta dini kitabları – Quranı, İncili, Zəburdan tərcümələri oxuyandan sonra düşündüm ki, peyğəmbərlər insanların sevdiyi adamlardır və onların inancına hörmət eləmək lazımdır. Məsələn, mən yazan adamam, içirəm, amma anam dindardır, namaz qılır, oruc tutur, qurban kəsdirir və mən hələ indiyədək anamla bu barədə heç bir söhbət eləməmişəm. Niyə? Çünki anam özünü orada rahat hiss edir. O, bəzən bir saat namaz qılır, dualar edir, qaranlıq bir otağa girib öz Allahı ilə söhbət edir və o, orada rahatdır. Buna hörmətlə yanaşmaq lazımdır. Amma mən, belə deyək, Allahımla öz aramda üçüncü bir şəxsin olmasının qəti əleyhinəyəm. O, peyğəmbər də olsa, kafir də olsa, qardaşım da olsa, onu məhv edəcəyəm ki, nə üçün girib bizim aramıza?! Çünki öz Allahımla çox rahat danışa bilirəm, tərcüməçiyə ehtiyac yoxdur.

- İstedad Allahdandır?
- Əlbəttə. fitri istedad birmənalı olaraq insanın özü ilə bağlı deyil. İnsan özü-özünə istedad yarada bilsəydi, dünyada hamı istedadlı olardı.

- Aqşin, bir az şerin yazılma prosesi haqqında danışa bilərsənmi? Sənin şeirlərin sürrealistlərin dediyi kimi, şüuraltının diktəsi iləmi yazılır? Yəni səlis məntiq qanunlarını bir kənara qoyursan, yoxsa bu, bir ezoterikadır? Gizli olan həqiqətləri yalnız seçilmişlər anlaya bilər sənin şerində. Müsahibələrinin birində belə demişdin ki, mən şeiri yetkin adamlar, individumlar üçün yazıram.

- İndiki ağlıma görə mən artıq oxuduqlarımı deyil, demək istədiklərimi yazıram. Kim deyirsə ki, mən sürrealist, yaxud futurist şeir yazıram, o, hələ oxuduqlarını yazır, deməyə sözü yoxdur. Mənim şeirim, mənə görə futurizmin, sürrealizmin, kubizmin və s. bu kimi “...izm”lərin elçi daşının üstündə oturmuş bir qoca kişidir və ona görə orada oturub ki, bunların hər biri ilə ünsiyyətə girsin, nəyisə paylaşsın. Mən dünyanı necə dərk edirəmsə, o cür yazıram. Yəni mən ağacın titrəməsini necə görürəmsə, elə də yazıram – bu titrəmə təsviri futurist, sürrealist, kubist estetikasına uyğun gələ bilər – mənim üçün əsas olan gördüyüm ağacdır və onun məndə doğurduğu təəssüratdır. Mən ağacın titrəməsini elə yazmaq istəmişəm ki, oxucu onu görsün, hiss eləsin. Elə olmasın oxucu görsün ki, mən şeir yazmaq xatirinə özüm əlimlə ağacı silkələmişəm. məsələn, fransız şairi Apolline sürrealist şerin banisi hesab olunur. O, kafedə oturub, küçədə eşitdiyi adi səslərdən şeir düzəldirmiş. Mən elə şair deyiləm və heç vaxt deməmişəm ki, mənim şerim filan “izm”də yazılıb. Mənim şeirimin nəzəriyyəsi özümə aiddir və onu paylaşmaq istəmirəm heç kimlə, onu oxucu bilməməlidir. Şair əgər öz şeirini nəzəriyyə ilə qabağa itələmək istəyirsə, demək, şeirindən o qədər də əmin deyil. Məsələn, ingilis şairi Tomas Elliot şeir yazmamışdan əvvəl şeir haqqında nəzəriyyələr yazırdı. T.Elliot İngilis ədəbiyyatında modernist şeirin banisi hesab olunur.O, öz şeirini belə izah edirdi ki, qafiyədən, misradan imtina edir və s. T. Elliot pis şair deyildi, amma onun nəzəriyyəsini oxumadan, nə qədər keyfiyyətli tərcümə etsən də, orijinaldan oxusan da heç nə başa düşməyəcəksən. Məsələn, bunu Kafkaya da aid eləmək olar. Adi oxucu Kafkanın “Çevrilmə”sini, “Qəsr” romanını, yaxud pritçalarını oxuyub heç nə başa düşməyəcək. Amma onun nəzəri baxışlarını bilsə, Kafkadan əl çəkməyəcək. Mən şeiri çalışmışam elə yazım ki, onun nəzəri izaha ehtiyacı olmasın. Yəni nəzəriyyə şeirin içindədir. Mənim şeirimi başa düşmək üçün onu, sadəcə, ikinci dəfə oxumaq lazımdır. Şeir izah olunmamalıdır. İzaha möhtac olan şeir zəif şeirdir.

- Buna görə də heç vaxt kitab təqdimatı da etməmisən. Şeirin özü öz yerini tapıb.
- Təqdimatları ona görə etməmişəm ki, mən utancaq adamam. Mən utanıram gedib adamlara deyim ki, şeir yazmışam, kitabım çıxıb. Bu ona oxşayır ki, arvad almısan, aparıb şadlıq sarayında hamıya göstərərirsən, adını toy qoyursan. Təqdimat bu deməkdir.

- “Kökəlmiş şəhərə ərizə” şerindən təsirlənib bir sual verim. Müxtəlif dillərdə ayrı-ayrı ölkələrin, şəhərlərin adları qadın və ya kişi cinsində işlənir. Heç səbəbini özüm də bilmirəm. Sənin şerində İstanbul qadın cinsindədir. Bəs Bakının cinsi nədir? Bakı ilə münasibətin necədi?
- Mən İstanbulda ilk dəfə oldum və gördüm ki, İstanbul həddən artıq gözəl şəhərdi. İstanbulun hətta öz sakinlərinə qarşı münasibətində gözəl qadınlara xas xüsusiyyətləri gördüm. Yəni mən gözələmsə, hamı mənim nazımı çəkməyə borcludu. Gözəl bir qadının hansı eqoist, özündənrazı münasibəti varsa, İstanbulda da mən onu gördüm. Bu bir şair müşahidəsidir, mən İstanbula on ikinci mərtəbədən baxırdım, insanlarını, şəhəri müşahidə edirdim və onu belə gördüm. Amma on altı ildir Bakıda yaşayıram, hələ də onun cinsini müəyyənləşdirə bilməmişəm. Məncə, Bakı boşanmış, deyingən bir qadına oxşayır. Bütün günü başına şal bağlayır, belinə yorğança sarıyır, bütün günü deyinir. Bakı günü məhkəmələrdə keçən, aliment davası edən qadına bənzəyir.

- Belə bir misran var ki, “Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki, bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik...”
- Yanoux adli biri var, Kafkanın dostu, həm də tələbəsi olub. O, bir gün Kafkadan soruşur ki, “Siz Kasper Hauzer kimi tənhasız?”. Kafka deyir, “Yox, mən Frans Kafka kimi tənhayam”. Mənim o şeridə dediyim təklik, yaradıcı adamın təkliyidir. O, məişət təkliyi deyil. Arvadın da, uşağın da, qardaşın da, atan da, anan da var, amma sən özünü yenə tənha hiss edirsən. Sanki, heç kimin yoxdu. Yaradıcı adamın təkliyi başqa bir şeydir. O, məsələn, birlikdə oturub televizora baxanda da, yemək yeyəndə də, tək ola bilər. O təklik ancaq onun özünə aiddir. O heç bildirməz ki, indi təkdir və heç kim də bunu hiss etməz. Oturar yüz nəfərlik masada və özünü o qədər tək hiss edər ki, bu təklik onun heç kimlə paylaşmadığı təklikdir. Əgər təkliyini qorumasan, yazmaq istədiyin şerin, hekayənin aurasından çıxacaqsan. O yaradıcı auranı qorumaqdan ötrü mütləq özünə bir qılaf yaratmalısan. Gərək öz düşüncələrinlə təkbətək qalasan. Mənim o şeirdə dediyim təklik elə bir təklikdir ki, həqiqi yaradıcı adamın əlindən onu almaq mümkün deyil. Almaq istəsək, o, öz təkliyini də götürüb, bizi tərk edəcək. Bizim cəmiyyətin də, ailələrin də öz yaradıcı adamını başa düşməməyi elə buradan başlayır.

- Son bir sual vermək istəyirəm. Xoşbəxtlik sözünün çeynənmiş mənasını nəzərdə tutmuram, bilirsən. Sənin fikrincə, yaradıcılıq yaradıcı insanı xoşbəxt edir, yoxsa tərsinə?
- Bu suala çox qısa cavab verəcəyəm. Məni dünyada öz xoşuma gələn yazdığım misra qədər xoşbəxt edən heç nə yoxdur.

Turanə Rəsulova


Teqlər:





Xəbər lenti