Əlilliklə bağlı Nazirlər Kabinetinə müraciət edildi

Əlilliklə bağlı Nazirlər Kabinetinə müraciət edildi
  10 Sentyabr 2020    Oxunub:3637
"Əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular bizə ən çox edilən müraciətlər sırasındadır. Prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vətəndaş "forma 88" adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

"Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir. Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər".

Deputat qeyd edib ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlarla həyata keçirildiyi bəlli deyil: "O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti