Sahibkarlara 53 milyon manat kredit verilib

Sahibkarlara 53 milyon manat kredit verilib
  16 Sentyabr 2020    Oxunub:3241
Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyinin yaratdığı Elektron Kredit Platforması üzərindən (www.e-edf.gov.az) indiyə qədər 765,3 milyon manatlıq biznes krediti sifarişi üzrə 2700-dən çox müraciət qeydiyyata alınıb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, artıq 253 müraciət üzrə ümumi məbləği 52,6 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, eləcə də 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat məbləğində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir.

Azvision.az


Teqlər: Elektron   Kredit   Platforma  





Xəbər lenti