Tibb mərkəzində nöqsanlar aşkarlandı

Tibb mərkəzində nöqsanlar aşkarlandı
  21 Sentyabr 2020    Oxunub:3891
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “İLLAC” MMC-yə məxsus, Bakının Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən “Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.

“Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.

“Funda”nın rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.

Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.

"DVX bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək", - deyə qurum bəyan edib.

Azvision.az


Teqlər: Vergi   Bakı  





Xəbər lenti