Məişət zorakılığı ilə bağlı cinayətlər azalıb - Bu ilin statistikası

Məişət zorakılığı ilə bağlı cinayətlər azalıb -  Bu ilin statistikası
  24 Sentyabr 2020    Oxunub:2686
Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 646-sı və ya 4,9 faizi məişət zorakılığı ilə bağlı olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 4,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 12,5 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 6,3 faizi sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,6 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 3,6 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,3 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,6 faizi əzab vermə, 1,9 faizi isə digər cinayətlərə aiddir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 5,2 faiz azalaraq 663 nəfər olub ki, onların da 77,1 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir. Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Lənkəran iqtisadi rayonu üzrə 1,5 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 30,8 faiz, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 20,0 faiz, Aran iqtisadi rayonu üzrə 11,0 faiz, Bakı şəhəri üzrə 8,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz azalma, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2,0 dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 30,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 7,7 faiz artım müşahidə olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məişət-zorakılığı   Cinayət  





Xəbər lenti