Cəbhə bölgəsində enerji infrastrukturuna zərər dəyib

 Cəbhə bölgəsində enerji infrastrukturuna zərər dəyib
  28 Sentyabr 2020    Oxunub:3642
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, növbəti hərbi təcavüzü nəticəsində cəbhə zonasında yerləşən yaşayış məntəqələrində bir sıra enerji infrastrukturu obyektlərinə də zərər dəyib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Tərtər rayonunun Borsunlu, Hüləbəndi kəndlərində, Tərtər şəhərinin isə Sahil, Babək küçələrində və Heydər Əliyev prospektində qaz xətləri və avadanlıqları qismən zədələnib. Tərtər Regional Qaz İstismarı İdarəsindən verilən operativ məlumatlar əsasında “Azəriqaz” İstehsalat Birliyində yaradılmış Xüsusi Qərargah zəruri tədbirlər görür.

Bundan başqa, döyüşlərin getdiyi vaxtlarda təhlükəsizlik tədbirləri olaraq Füzuli və Tərtər rayonlarının, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Beyləqan və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılıb. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan etibarən həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub. Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə də qazın verilməsi bərpa edilib.

Bu gündən Horadiz qəsəbəsində yerləşən Çörək zavodu və zavodun xətti üzərində olan 100 abonentin, Yağlıvənd, Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli kəndləri, “Əhmədbəyli” ölçü qovşağından qidalanan Füzuli rayonu üzrə 5500 abonentdən 4500 abonentin qazla təchizatına nail olunub. Həmçinin Qaradağlı kəndi istisna olmaqla Beyləqan rayonunun 8 kəndinə və Bərdə rayonunun 9 kəndinə qazın verilməsi bərpa edilib.

Döyüş əməliyyatı aparılan sərhədyanı rayonların elektrik enerjisi ilə təchizatını təmin edən infrastrukturlar da hücuma məruz qalıb. Belə ki, Tərtər rayonunda 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətləri, 110/35/6 kV-luq “Tər-Tər” yarımstansiyasından çıxan 6 kV-luq “Şıxarxı”, “10 №-li”, “11 №-li”, “4 №-li Seyidimli”, “7№-li Şəhər”, “Alges”, “8 №-li Şəhər”, “9 №-li Şəhər” hava xətləri, 35/10 “Sarıcalı“ yarımstansiyasından çıxan “5 №-li Sarıcalı” hava xətləri, eləcə də çoxlu sayda 0.4 kV-luq paylayıcı xətlər vurulub. Goranboy rayonunda 110/35/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq Əzizbəyov və 10 kV-luq 2-ci Subartezyan hava xətləri vurulub. 1 ədəd 400/10 kVA, 1 ədəd 160/10 kVA transformator zədələnib. Ağcabədi rayonunda 110 kV-luq “Ağdam-Çəmənli”, 35 kV-luq “Qiyamaddınlı” hava xətləri vurulub. Füzuli rayonunda 35/10 kV-luq “Cocuq-Mərcanlı” ,“Horadiz-Bəhmanlı” hava xətləri, 35/10 kV-luq “Zobucuq”, “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri, eləcə də “Qazaxlar”, “Babı”, “Şükürbəyli”, “Səhər”, “Alxanlı” və “Komplex” hava xətlərinin qidalandırdığı 0.4 kV-luq hava xətləri vurulub. Ağdam rayonunda isə 110 kV-luq “Ağdam”, “Təzəkənd”, 35 kV-luq “ Əfətli” ,“ Ergi” elektrik veriliş xətləri, 35/10kV-luq “Çəmənli” yarımstansiyasından çıxan 10 kV-luq hava xətləri vurulub. Qeyd edək ki, bu xətlər bir neçə dəfə atəşə məruz qalıb və “Azərişıq” ASC-də yaradılmış Xüsusi Qərargahın gördüyü tədbirlər nəticəsində bu rayonlarda zədələnmiş elektrik xətlərinin fəaliyyəti bərpa edilib.

Təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı məsələlər tam nəzarətdə saxlanılır və qəza hallarının operativ şəkildə aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Cəbhə-xətti   Energetika  





Xəbər lenti