Devrilməkdən qorxan Nikol açıq diktaturaya keçdi - ŞƏRH

Devrilməkdən qorxan Nikol açıq diktaturaya keçdi -  ŞƏRH
  09 Oktyabr 2020    Oxunub:18344
Ermənistan hakimiyyəti son günlər cəbhədəki hərbi uğursuzluqları ört-basdır etmək üçün müxtəlif variantlara əl atır. Paşinyan iqtidarı gah dezinformasiya yaymaqla daxili auditoriyanı sakitləşdirməyə çalışır, gah da müxtəlif vədlərlə narazı sakinləri susdurmağa cəhd edir.
Əlbəttə, bütün bunlar Ermənistanda daxili ictimai-siyasi böhranın qarşısının alınmasına hesablanıb. Paşinyan bu aralar artıq diktatura rejiminə keçməsini də aşkar şəkildə nümayiş etdirməyə başlayıb.

Belə ki, Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, “ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub.

Qərarda qeyd edilir ki, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır.

Maraqlıdır, erməni baş nazir məğlubiyyətini xalqa daha çox çatdıran müstəqil media və ekspertlərin ağzını bağlamaqla hara qədər gedəcək? Ümumiyyətlə, yeni qərarın verilməsi onun sonunu gətirəcək böhrandan qurtara biləcəkmi?

Məlum məsələdir ki, başını itirən Nikolun bu cür addımına səbəb hərbi sahədəki böyük uğursuzluqlarıdır. Çünki hazırda Azərbaycan ordusu bütün istiqamətlərdə əks-hücumlarını davam etdirir. Artıq Ermənistanda da etiraf edirlər ki, hərbi birləşmələrimiz onlarla kilometr irəliləyib, xeyli sayda yaşayış məntəqəsi azad edilib. Ermənistanda erməni hərbi birləşmələrinin çoxlu sayda hərbi texnika və canlı qüvvə itirməsini və geri çəkildiyini də rəsmən etiraf edirlər. Hətta erməni sosial şəbəkələrində yayılan məlumatlara görə, cəbhə bölgəsində 5 minə yaxın zabit və əsgər haqda məlumat yoxdur.

Belə bir ağır durumda Paşinyan senzuranın tətbiqini ən optimal variant sayır. Amma rəsmi İrəvan üçün yalnız hərbi məsələlər deyil, iqtisadi böhran da ciddi başağrısına çevrilib. Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı son günlər mühraribə üçün resurslar tapa bilmir, xarici ianələr isə buna kifayət etmir. Nəinki əhalini, cəbhə xəttini belə ərzaq və digər resurslarla təmin etmək mümkün olmur. Təsadüfi deyil ki, sosial şəbəkələrin erməni seqmentində ərzaq, dərman, silah, hətta hərbi paltarların çatışmaması ilə bağlı paylaşımlar çoxalıb.

Hərbi-iqtisadi tənəzzül Paşinyanı ciddi daxili-siyasi böhranla üz-üzə qoyub. Belə ki, cəbhədəki uğursuzluq sosial-iqtisadi faciələrə, o da öz növbəsində siyasi böhrana şərait yaradır. Bundan Nikolun rəqibləri istifadə etməyə çalışırlar. Təsadüfi deyil ki, artıq Paşinyanın əsas rəqibi olan “Qarabağ klanı” xeyli aktivləşib. Koçaryan yenidən fəallıq göstərərək ortalıqda ehtiyac duyulan siyasətçi kimi görünməyə başlayıb. Onun hətta Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda şayiələr də yayılır, Koçaryan özünü yenidən “Qarabağın xilaskarı” obrazında təqdim edir. Təbii ki, bu da başı müharibəyə, ağır sosial-iqtisadi böhrana qarışan Paşinyan üçün əlavə problemlər yaradacaq.

Ekspertlərin fikrincə, Paşinyanın uğursuz daxili və xarici gedişlərindən bezən erməni xalqı yenidən əvvəlki cəlladların rejiminə pənah apara bilər. Qısası, bu gün Ermənistanda bütün nüfuzunu itirmiş “Qarabağ klanı”nın yenidən özünü Paşinyana qarşı alternativ kimi təqdim etməyə başlaması erməni baş nazir üçün ciddi siqnaldır. Baş verən sosial-iqtisadi və siyasi böhran isə Ermənistanda və hakimiyyət daxilində panika yaradıb. Bu qarışıq zamanda təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbərinin işdən çıxarılması isə Paşinyan iqtidarını daxildən də axsamasını göstərmiş oldu. O, artıq “cəbhədə satqınlıq” haqda danışmağa, ölkədə xəyanətkarların “ovu”na başlayıb. Məlum hadisələrin fonunda hökumətin rəsmən senzuraya keçməsi isə erməni cəmiyyətini daha da qıcıqlandırır. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, bu gün devrilmək təhlükəsini hiss edən Paşinyan açıq diktatura tətbiq etməyə başlayıb. Bunun isə sonu görünmür…

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti