Oğuz-Şəki avtomobil yolu yenidən qurulur - FOTO
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri nəzərdə tutulurdu ki, ilk olaraq elə bu ərazidə təmir-tikinti işlərinə başlanılıb. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.
Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işlərinin aparılaraq yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması planlaşdırılır.
3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.
Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu üzdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yol boyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.
Azvision.az