Göygöldəki meşə yanğını söndürülüb

  29 Oktyabr 2020    Oxunub : 1076
Göygöldəki meşə yanğını söndürülüb
Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Xəbər verildiyi kimi, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin səyi nəticəsində ərazinin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə imkan verilməyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Azvision.az

Teqlər: FHN