Azad olunmuş bütün yaşayış məntəqələrində yollar bərpa olunacaq - RƏSMİ
Onun sözlərinə görə, yolun başlanğıcı Füzuli rayonunun Əhmədbəyli kəndidir: "Hacıqabul-Bəhramtəpə-Mincivan magistralı başlanğıcını həmin yoldan götürür. Magistralın Horadizdən başlayaraq Mincivan Ermənistan sərhədinə qədər olan hissəsi işğalda idi. İşğaldan azad olunan bu yol da tamamilə sıradan çıxıb. Həmin ərazidə yeni bir yolun inşasına ehtiyac var. Bununla bağlı layihə hazırlanır ki, Hacıqabuldan başlayaraq həmin magistralla Mincivan Ermənistan sərhədinə doğru rahat hərəkət etmək mümkün olsun. Onunla bağlı layihələndirmə işləri aparılır və yaxın müddətdə aidiyyəti üzrə təqdim olunacaq. Təsdiq olunduqdan sonra həmin ərazidə işlərin aparılması nəzərdə tutulur. Cəbrayıl, Qubadlı, Zəngilan yaşayış məntəqələrimiz o istiqamətdə yerləşir və həmin yaşayış məntəqələrinə giriş yolları başlanğıcını bu magistraldan götürür. Magistralın yenidən qurulmasının böyük əhəmiyyəti var. Belə ki, yol Ermənistan sərhədinə qədər uzanır və gələcəkdə Ermənistan sərhədini keçməklə Naxçıvana dəhliz olarsa, başlanğıcını bu ərazidən götürəcək".
A.Nəcəfli qeyd edib ki, Kəlbəcər, Ağdam və Laçın istiqamətində də işlər Prezidentin tapşırığına uyğun olaraq aparılacaq: "Qəsəbələr daxil olmaqla şəhər mərkəzlərində işlərə başlanılacaq. Daha sonra digər yaşayış məntəqələri ərazilər üzrə əhatə olunacaq. Bütün işğaldan azad olunmuş yaşayış məntəqələrində yollar bərpa olunacaq".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: AAYDA Yol Şuşa Qarabağ