Müharibənin zərərli qalıqları: “Səbirsizlik bizi ölümə aparır”

  28 Noyabr 2020    Oxunub : 2334
   Müharibənin zərərli qalıqları:    “Səbirsizlik bizi ölümə aparır”
Minalar və partlamamış hərbi sursatlar (PHS) müharibələr başa çatandan sonra uzun illər insanların həyatına son qoymağa davam edir. Məhz buna görə, dünyada mina və PHS-lər ümumiləşdirilərək "müharibənin zərərli qalıqları"da adlandırılır.
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, ermənilər ərazini tərk edərkən gözə görünən bütün əraziləri, qəbristanlıqlar, yol və cığırlar, hətta uçulub dağılmış tikililərin ətrafını belə minalayıblar. Bu "sürprizlər" hələ bundan sonra uzun illər insanlarımızın həyatına son qoymağa davam edəcək:

"Artıq ANAMA ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına başlayıb. İlk mərhələdə yollar və kənarları, elektrik xətlərinin keçəcəyi marşrutlar yoxlanılaraq minalardan təmizlənir. Unutmayaq ki, bu işlər bir neçə aya və ilə tamamlanacaq işlər deyil. Hələ bir neçə onillik boyunca minalarla mübarizə davam edəcək. Bu gün çoxlarımız işğaldan azad edilən yurd yerlərimizi görməyə səbirsizlənirik. Bu səbirsizlik bizi həm də ölümə aparır. Başqa sözlə, yaşadığımız faciənin birinci günahı özümüzdədir. Artıq bununla ikinci dəfədir ki, Füzulidə işğaldan yeni azad edilən ərazilərdə mina partlayışı ailələrin həyatına son qoyur. Birinci partlayışda bir ailədən iki qardaş, bugünkü hadisədə isə 4 nəfər - Füzuli şəhərinin keçmiş icra nümayəndəsi, onun qardaşı, qızı - rayonun "Qayıdış" qəzetinin baş redaktoru işləyən qızı və digər şəxs həlak oldu. Baş vermiş hadisələrin təkrarlanmaması üçün mina qurbanlarının azad edilən ərazilərə necə getmələrinin səbəbi araşdırılmalı, tədbirlər görülməlidir. Belə olan halda mina qurbanlarının sayı azalar".



Hərbi ekspert vurğulayıb ki, vətəndaşlarımızın mina qurbanı olmaqdan xilas etmək üçün ilk növbədə bu tədbirlər həyata keçirilməlidir:

"İşğaldan azad edilən ərazilərə yaxın ərazilərdə və əhali arasında mina təhlükəsinə dair maarifləndirmə (MTM) tədbirləri genişləndirilməli, bu məsələdə müasir texnologiyalardan, KİV və sosial şəbəklərin imkanlarından geniş istifadə olunmalıdır.

Ərazidə hərbçilər tərəfindən nəzarət məntəqələri yaradılmalı, yeni azad edilən ərazilərə xidməti ezamiyyətdən əlavə, vətəndaşların giriş-çıxışı qadağan olunmalı, xəlvəti yollarla əraziyə daxil olanlar, vətəndaşların "turlarını" təşkil edənlər sərt şəkildə cəzalandırılmalıdır".

Azvision.az

Teqlər: Mina   Füzuli