Milli parkda qanunsuz balıq ovlayan şəxs tutuldu - VİDEO

Milli parkda qanunsuz balıq ovlayan şəxs tutuldu -    VİDEO
  02 Dekabr 2020    Oxunub:1687
Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində “Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz olaraq tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı” kitaba düşən ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan Poru balıqlarını tutduğu məlum olub.



Qeyd edək ki, Poru balığının bir ədədinin tutulmasına görə müvafiq qanunvericilikdə 275 manat miqdarında cərimə sanksiyası nəzərdə tutulur.

İdarə əməkdaşları tərəfindən Ağstafa rayonunda xidməti ərazidə keçirilən növbəti tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. Araşdırma zamanı bu şəxsin də elektrik avadanlıqlarından istifadə edərək qanunsuz olaraq balıq ovladığı məlum olub.

Qeyd edək ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır.

Saatlı rayonunda qanunsuz olaraq quş ovu ilə məşğul olan şəxslərə qarşı da Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nəticədə xidməti ərazidə çöl quşlarını müvafiq icazələri olmadan qanunsuz ovlayan şəxslər saxlanılıb. Onlardan qanunsuz ovladıqları müxtəlif növ quşlar, həmçinin ov alətləri aşkar edilərək götürülüb.

Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizindən çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.

Azvision.az


Teqlər: Milli-park   Qanunsuz-ov  





Xəbər lenti