AzVision-24 I Müharibə bitdi, müharibə davam edir - VİDEO

      AzVision-24 I    Müharibə bitdi, müharibə davam edir -    VİDEO
  03 Dekabr 2020    Oxunub:6253
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı. İlin sonuncu ayına Vətənin bütövləşməsini qeyd eləməklə başlayırıq. Dünya üçün son dərəcə uyğursuz keçən il bizim ən uğurlu ilimiz oldu. Ən azından bu, tam əsas verir ki, Azərbaycan – dünyada ilin ölkəsi, azərbaycanlılar isə ilin xalqı olsun. Amma bu arada cavablandırılmalı suallar da var. Mən və sosial şəbəkə fəalı Demə Qoq onlara birlikdə cavab axtaracağıq.

- Niyə savaş bitib, amma ideoloji, psixoloji və informasiya təxribatları davam edir?
- Qo erməni, qo! Qədim çinlilərin strateji oyun taxtasında Qarabağ münaqişəsi necə görünərdi?
- Götürə bilmədiyimiz dərs. Koronavirus bəşəriyyətə nəyi öyrətməyə çalışır?!




Bu həftə dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçının azad edilməsilə bağlı olaraq, Vətən Müharibəsi mövzusunda sonuncu dəfə xalqa müraciət etdi.

44 Gün var, əsrə bərabər

Bu sonuncu müraciətlə sentyabrın 27-də başlayan böyük tarixi prosesin əsas mərhələsinin nöqtəsi qoyuldu. O, çox gözəl - həm kövrək, həm vüqarlı, həm şirin, həm də acı dövr idi. Biz hamımız bir vücud kimi yaşayırdıq: Hər birimizin ürəyi cəbhədən gələn xəbərlərlə çırpınırdı, hamımız dövlət başçımızdan tvit gözləyirdik, axşamlar bir-birimizdən “görəsən, bu gün tvit olmayacaq?!” soruşurduq; Ali Baş Komandanın müsahibələrinə, müraciətlərinə heç bir sözünü belə, diqqətdən qaçırmamaq üçün diqqətlə qulaq asırdıq; hər dəfə Paşinyana hansı yeni adın qoyulacağını gözləyir, sonra böyük ləzzətlə sosial şəbəkədə memlər paylaşırdıq; “Yaxşı xəbərim var, təsdiqlənsin, yazacağam” kimi statuslarla məzələnir, Cəbrayılın kəndlərinin niyə qurtarmaması mövzusunda zarafatlar edirdik... Yəqin ki, belə möhtəşəm 44 gün bir daha olmayacaq və mən çox xoşbəxtəm ki, bu böyük tarixi birlikdə yaşadıq.

Demə Qoq:
- Axşam-axşam bəd ağzını açmasan, olmaz?! Niyə olmur ki? Hələ qabaqda çox böyük işlər var! Hər şey ola bilər!

Əlbəttə, geniş mənada heç nə istisna deyil, amma mən o maraqlı yaş diaspazonuna daxiləm ki, Azərbaycanda ən yeni tarixin bütün əsas hadisələrini şəxsən müşahidə edə bilmişik. 80-ci illərin sonunda Qarabağ məsələsinin necə qızışmasını da, xalqın necə ayağa qalxaraq, müstəqil olmasını da, Birinci Qarabağ Müharibəsini də... Eyforiya dövrlərimiz də olub, depressiya da, amma məhz bu 44 günə bənzəyən heç nə olmamışdı yeni tariximizdə. Heç vaxt bu qədər bir, bu qədər güclü, bu qədər qürurlu olmamışdıq. Burası dəqiqdir. Nəticələrini indidən hiss etmək tezdir, amma sözsüz ki, bu 44 gün Azərbaycan xalqının özünü dərk etməsində, tanımasında, milli şürumuzda, bir sözlə, toplumun gələcək həyatında son dərəcə böyük rol oynayacaq. Və ən əsası, həmin 44 gündəki birliyin, Dəmir Yumruq olmağın dadı bizim damağımızda şübhəsiz ki, qalacaq. Biz zaman-zaman yenə də o cür bir olmaq, vahid vücuda çevrilmək, birlikdə yeni uğurlar qazanmaq hissini yaşamaq istəyəcəyik. Bu isə tarixmizin qarşıdakı vacib mərhələlərində çox köməyimizə çatacaq.

10 noyabrın 10 bəndi

Prezidentin xalqa Laçınla bağlı müraciəti bir neçə cəhətinə görə əvvəlki çıxışlarından fərqlənirdi. Əvvəla, Vətən Müharibəsi mövzusunda sonuncu müraciət olduğundan, həm də hesabat xarakterli idi – Cənab Ali Baş Komandan noyabrın 10-da imzalanan sənədin bəndlərini bir-bir sadalayaraq, hər bir birinin necə yerinə yetirildiyi haqqında ayrılıqda danışdı. İkincisi, Müzəffər Ali Baş Komandanımız bəzi məsələlər barədə ilk dəfə açıq şəkildə məlumat verdi. Əlbəttə, diplomatik danışıqların elə sirrləri var ki, onların üzərindən məxfilik qrifinin qalxması üçün zaman lazımdır. Fəqət dövlət başçımızın açıqladığı məqamlar bəzi mətləbləri indidən anlamaq üçün son dərəcə önəmli idi. Bunlardan birincisi Laçın dəhlizilə bağlıdır:

- Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.

Buradan məlum olur ki, 10 Noyabr Bəyanatı qısa vaxtda bir neçə redaktədən keçib və sonda Azərbaycan üçün ən münasib variantda qəbul edilib. Şərti diqtə edən tərəf biz olmuşuq. Bu da Qalib olmağın verdiyi imtiyazdır. Təsəvvür eləmək çətin deyil ki, həmin günlərdə diplomatik cəbhədə hansı gərgin işlər gedib. Laçın və Kəlbəcər həqiqətən də Qarabağın geolokasiyası baxımından həlledici əhəmiyyətə malikdirlər. Çünki bu iki rayon Azərbaycanda olandan sonra Qarabağ ermənilərinin hər hansı bir başqa formada mövcudluqları avtomatik gündəmdən çıxır.

Demə Qoq:
- Nəzəri cəhətdən hə, həqiqətən də elə görünür. Amma praktikada nəyə görəsə elə deyil axı. Ermənilər yenə də Artsax-artsax deyirlər…

Təəssüf ki, hər erməninin ağzına ayrılıqda bir pambıq tıxamaq mümkün deyil. Xoşbəxtlikdən, sağlam düşüncənin və məntiqin də həmçinin. Sağlam düşüncə və məntiq isə onu deyir ki, Qarabağın erməni əhali yaşayan hissəsində nə ayrıca iqtisadyyat qurula bilər, nə də müstəqil mövcudluğun hər hansı başqa təminatları. Vəziyyətin özü elədir ki, oranın hər hansı bir formada Azərbaycan olmamaq variantı yoxdur. Təsəvvür eləmək belə, mümkün deyil ki, əgər Qarabağda erməni əhali yaşayan hissə Azərbaycan olmasa, ayrı nə ola bilər?!

Savaş bitib, təxribatlar yox

Bundan sonra Qarabağ uğrunda daha coğrafi, fiziki, hətta siyasi də yox, belə demək düzgündürsə, psixoloji mübarizə gedəcək. Təbii ki, informasiya və ideoloji təxribatlar da yerində qalmaqla. Ona görə də, Semyon Peqov kimi təxribatçılar durmadan həmin istiqamətdə siyasi-ideoloji və informasiya-psixolji təxribatlarını davam etdirməkdədirlər.
Məsələn, “Vor Qonzo” bu həftə belə bir xəbər yaymışdı ki, guya Qarabağda rus dili ikinci dil kimi qəbul olunub. Qəribədir ki, bunu Qarabağ ermənilərinin qondarma deputatları təkzib etdilər. Maraqlı mənzərə idi: ermənilər Peqovu təkzib edirlər!

Demə Qoq:
- İndi nə istəyir e, o? Müharibə ki, bitib! Niyə çıxıb işinin-gücünün dalınca getmir?..

Məncə, özündən soruşsaq, yaxşıdır. İndi o, bizimlə Sype bağlantısında olmalı idi... Syoma, buradasan?

- Mən həmişə burada olacağam.
- Heç inanmıram. Hadrut söhbəti nə yerdə qaldı?!
- Orada müqavimət hələ də davam edir.
- Bilirəm, şiddətli döyüşlər gedir...
Syoma, müharibə qurtardı axı. Hər şey aydındır. Sən isə, özün də dediyin kimi, savaş müxbirisən. Lap yaxşı. Niyə çıxıb qaynar nöqtələrə getmirsən? Nə axtarırsan hələ də Qarabağda?! Nə itin azıb sənin məsələn, Xocavənddə?
- Müharibə bitməyib. Bizim burada çox vacib işlərimiz qalır.
- Nədir o vacib iş?
- Biz Qarabağ ermənilərinə başa salmalıyıq ki, onlar Azərbaycan deyillər. Bunu onların beyninə yeritmək üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, onlar özlərini heç vaxt Azərbaycanın bir hissəsi hesab etməsinlər.
- Buna görəmi ortada heç nə olmadığı halda durmadan Artsax-Artsax deyirsiniz?!
- Məhz buna görə. Azərbaycan öz ərazilərinə nəzarəti qaytarıb. Amma biz çalışacağıq ki, beyinlərdəki Artsax yerində qalsın.
- Sonra nə olacaq?
- Sonra o olacaq ki, ermənilər elə biləcəklər Artsax var.
- Yəni bu, təxminən Bakıdakı “Karl Marks” deyilən yer kimi bir şey olacaq da?! Orada Karl Marks adına, onunla bağlı olan heç nə yoxdur. Amma biz ora “Karl Marks” deməkdə davam eləyirik. Təxminən belə bir şey?
- Ən pis halda hə.
- Məncə isə ən yaxşı halda da yox. Niyəsini deyəcəyəm. Sən isə çalış, oralarda çox qalma, Syoma, haqqında cinayt işinin oluğunu nəzərə alsaq, təhlükəli sularda üzürsən.

Qo, erməni, qo!

Qarabağda yaşayan erməni əhalinin gələcəyilə bağlı ən doğru mesajı xalqa müraciətində Ali Baş Komandan İlham Əliyev səsləndirdi.

- İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat. Bu, gələcək perspektivlərimizi diktə edəcək.

Çində “Qo” adlanan çox qədim bir strateji oyun var. Müasir dünyada da 5 əsas intellektual oyundan biri sayılır. Bəzi fikirlərə görə Çin özünün qlobal geostrategiyasını da Qo oyununun məntiqinə əsasən qurur. Bilirik ki, əksər oyunlarda hədəf – rəqibin mümkün qədər çox fiqurunu, yaxud daşını sıradan çıxarmaqdır. Amma Qo oyununda hədəf – rəqibin daşlarını sıradan çıxarmaq yox, oyun meydanında mümkün qədər çox əraziyə nəzarət etməkdir. Bu zaman əgər siz rəqibin daşını, yaxud, mövqeyini hər tərəfdən əhatəyə ala bilsəniz, o, sıradan çıxarılmış sayılır.
Əlbəttə ki, real geosiyasət Qo oyunu deyil. Amma bəzi prinsiplər həqiqətən oxşardır. Qabağdakı ermənilər indiki halda Qo oyununda əhatəyə alınmış daşı xatrladırlar və onların bütün iddiaları istər-istəməz aradan götürülür. Hər şeyin belə qurtaracağını ermənilər heç vaxt planlaşdırmamışdılar, məhz bu variant oların ağlına gəlməmişdi. Ona görə də, bu vəziyyətlə bağlı heç bir nə taktiki, nə də strateji planları var.

- Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı…
… İstənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər.

Yəni, ermənilərin bircə planı olub ki, ancaq Qarabağ müstəqil olduğu halda Kəlbəcər və Laçın Azərbaycana qaytarıla bilərdi, o da qismən. Kəlbəcər və Laçının qaytarılıb, Qarabağın müstəqil olmaması variantı isə heç vaxt “B” planı kimi ortada olmayıb. Ona görə də, ermənilər indi sadəcə olaraq, plansız, strategiyasız vurnuxurlar. Bu halda Qarabağın gələcəyi nə olacaq – onlar bilirlər, sadəcə, dilə gətirmək istəmirlər. Məhz ona görə xaricdəki erməni diasporu hələ də Qarabağın müstəqilliyi kimi mövzularda spekulyasiyaları davam etdirir. Amma bütün bunların nə ilə bitəcəyinə də dövlət başçımız çox aydın şəkildə cavab verdi.

- Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz.

Hədəf bəlli olanda

Bu müharibədə, şübhəsiz, hər kəsin ürəyinə xüsusilə toxunan, bütün hisslərini silkələyən məqamlar olub. Hamımızın birlikdə yaşadığımız ümumi Qarabağ savaşı ilə yanaşı, hər kəsin ayrılıqda özünün şəxsən keçdiyi müharibə də var. Mənim üçün də bir neçə belə məqam olub. Birini sizinlə bölüşmək isəyirəm. Müharibənin səhv etmirəmsə, üçüncü günü idi. Ermənilərin təbliğat maşını özlərinə xas yalançılıq və şərəfsizliklə Azərbaycan Ordusunu necə məhv etdiklərindən ağızdolusu danışırdılar. Faktları böyüdür, biri min edirdilər. Həmin günlərdə vurduqları Azərbaycan tankının içindəki şəhidlərimizin şəkillərini və onların üstündən tapdıqları şəxsi əşyaları da göstərirdilər. O şəkillərin birində bu vardı: Üzərində “Yolumuz Şuşayadır!” yazılmış bayraq. Şəxsən mənə çox möhkəm təsir eləmişdi bu şəkil. Niyəsini tam izah edə bilməyəcəyəm. Müharibə yeni başlamışdı. Qarşıdakı günlərdə nəyin necə olacağını heç kim bilmirdi. Belə bir vaxtda üzərində “Yolumuz Şuşayadır” yazılmış bayraq çox dəhşətli görünürdü. Niyə? Çünki döyüşdə əsgər şəhid olar, bu aydındır. Amma o əsgərin can atdığı hədəf nə qədər real idi? Mən jurnalist kimi əlimə qələm alandan bəri Qarabağ münaqişəsi haqqında yüzlərlə yazı yazmışam. Bildiyim qədər, heç bir danışıqlar formatında Şuşanın Azərbaycana verilməsi müzakirə olunmamışdı. Buna görə də özümüzü üzərində “Yolumuz Şuşayadır” yazılmış bayraq gəzdirən Şəhidimizin qarşısında günahkar hesab edirdim. Düşünürdüm ki, ermənilər də məhz buna görə bilərəkdən xüsusi olaraq həmin şəkli paylaşıblar. Göstərmək istəyirdilər ki, Azərbaycanın oğulları xam xəyalların uğrunda şəhid olur. Səmimi deyim ki, Şuşa alınan gün mən hər şeydən əlavə, özümü sanki həmin şəklin kabusundan qurtulmuş kimi hiss edirdim. O bayrağı üzərində gəzdirən Şəhid qardaşımızın yerinə sevinirdim ki, onun arzusuna, uğrunda yola çıxdığı məqsədə çatılıb. Bütün dünyaya rəğmən! Və bir nəfərin yenilməz iradəsi sayəsində!

- Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər. Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur.

Niyə Cənab Ali Baş Komandan heç nəyə baxmayaraq, sona qədər Şuşa məsələsində heç bir güzəştə getməyib? Çünki onun üçün ali məqsəd xəritələrdə düzəlişlər etmək deyildi. Məqsəd Qarabağı Azərbaycana, Azərbaycanın ruhunu isə Qarabağa qaytarmaq olub. Onun beynində yolumuz lap əvvəldən Şuşaya idi. Əgər Azərbaycan ruhunun mayakı Şuşa Qarabağın üzərində işıq salacaqsa, bundan sonra orada başqa heç bir ideologiya mövcud ola bilməz.

İkinci cəbhə

Hazırda qələbəyə ürək dolusu sevinmıyimizə mane olan iki amil var: Brincisi şəhidlərimizə görə yaşadığımız hüzn, ikincisi isə… lənətə gəlmiş koronavirus! Onun qurbanları son günlərdə xüsusilə artıb: Azərbaycan boyda ölkə üçün günə 40 yoluxma doörudan da çoxdur. Yada salaq: mart-aprel aylarına gündəlik yoluxmaların sayı 40 idi, indi isə ölümlərin sayı o ətrafdadır! Olduqca ağrılı rəqəmdir.

Demə Qoq:
- Yenə mənə çatmır da! Niyə belə olur axı?! Bir ildir gecə-gündüz dayanmadan hamı bu virusdan danışır. Hamı hər şeyi bilir. Niyə axı hər şeyi bildiyimiz halda, ona məğlub oluruq?! Bunun sirri nədədir?

- Sən demişkən, biz bu haqda çox danışmışıq. Gəl, qalanını da özündən soruşaq. Buradasanmı, Korona? Nə istəyirsən bizdən?
- Sizləri inkişaf etdirməyə çalışıram.
- Məzələnirsən?! İqtisadiyyat geriləyir, uşaqlar, gənclər təhsildən qalırlar. Bütün işlər axsayır. Belə inkişaf olar?
- O təhsil sizə nə verib ki?! Bir ildir gur-gur guruldayırsınız ki, mənə necə qalib gəlmək olar. Özünüz dediyinizi özünüz eləmirsinizsə, demək, ağlınız yoxdur. Deyirsiniz ki, maska taxmaq lazımdır. Amma maskanı ağıza taxıb, burunu örtmürsünüz. Əgər savadlı insan mənim burundan girib-çıxdığımı anlamırsa, onun ağlı var bəyəm?!
- Bax, insanlar hamısı soruşurlar ki, biz axı deyilənlərə əməl edirik, niyə korona azalmır?!
- Əzizim, siz mənimlə yox, özünüzlə mübarizə aparırsınız. Öz qanunlarınızla. Maskanı ağıza, ya çənəyə taxmaqla taxmamağın arasında heç bir fərq yoxdur. Bir ildir maska taxmaqdan danışırsınız, amma maskanı hələ də düzgün taxmırsınız. Elementar br şeydir.
- Gəl, çox maska-maska deməyək. Bu söhbət bezdirib e artıq…
- Bax, elə sənin kimilər yoluxsalar, yaxşıdır. Ona görə deyirəm ki, sizi inkişaf etdirməyə çalışıram. Eqoistsiniz. Özünüzdən başqasını düşünmürsünüz. Mən çoxdan varam bu dünyada. Biz viruslar siz insanlardan qat-qat qədimik. Amma mən inkişaf elədiyim üçün sizə qalib gəldim. Siz də inkişaf eləməsiniz, mənə qalib gəlməycəksiniz.
- Sən elə düşün. Vaksinə bir şey qalmayıb…
- Hahahaha… Vaksin?! Viruslar həmişə bir addım qabaqda olacaqlar. Nə qədər ki, insanlar eqoizmdə qurtulub, başqalarını da düşünməyi öyrənməyiblər, heç vaxt bizə qalib gələ bilməyəcəksiniz.
- Təşəkkür edirəm.

Gördüyünüz kimi, Koronavirus həm də filosof imiş. Amma etiraf edim ki, maraqlı fəlsəfədir. Doğrudan da, əgər biz “yoluxmayım” deyil, “yoluxdurmayım” məntiqilə yaşasaq, virus bu qədər yayılmazdı. Həyatın bütün başqa sahələri də elədir. Əslində dünyada ancaq bir böyük savaş var: eqoizmin altruizmə qarşı savaşı. Həyatın daha da gözəl olmasının sadə resepti var: Sağlam eqoizmlə yanaşı, bir qədər də altruist olmaq. Bunu unutmayaq. Bu pandemiya elə bir haldır ki, özümüzü düşünəndə başqaları üçün də nəsə etmiş oluruq. Başqalarının da sağlam qala bilməsi üçün sağlam və möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti