Mingəçevirdə taksi sürən COVİD-19 xəstəsi saxlanıldı

Mingəçevirdə taksi sürən COVİD-19 xəstəsi saxlanıldı
  04 Dekabr 2020    Oxunub:1433
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.



L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub. Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.

L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Mingəçevir   Koronavirus  





Xəbər lenti