Dünyada orta temperatur 3 dərəcədən çox arta bilər

Dünyada orta temperatur 3 dərəcədən çox arta bilər
  10 Dekabr 2020    Oxunub:1788
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.
Hesabata əsasən, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir.

UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq. O, həmçinin istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını və cari ilin müşahidə tarixində ən isti olacağını bildirib.

“Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir”, - deyə İ.Andersen sözlərinə əlavə edib.

Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir.

Azvision.az


Teqlər: Hava   Temperatur  





Xəbər lenti