Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilir

Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilir
  15 Dekabr 2020    Oxunub:1750
Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi tərəfindən humanitar tibbi aksiyaların keçirilməsinə başlanılıb. Xəstəxananın kollektivi bu dəfə Naxçıvan şəhərində yaşayan Vətən müharibəsi qazilərimizin evlərində olub. Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif həkimlərdən ibarət ixtisaslaşdırılmış briqada tibbi xidmət göstərib.

Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Əlqəm Gözəlov cərrahlar tərəfindən müayinə olunub, dizindən aldığı yaranın sapları sökülüb, sarğıları dəyişdirilib.

Vətən müharibəsi qazisi Xəyal Kərimovdan və ailə üzvlərindən qan nümunələri götürülüb, rentgenoloji müayinə üçün xəstəxanaya dəvət olunub. Digər qazilər də kompleks tibbi müayinələrdən keçirilib.

Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov bildirib ki, aksiyanın təşkilində məqsəd qazilərimizin səhhətinə vaxtlı-vaxtında nəzarət etmək, ehtiyac olan müayinələri vaxtında aparmaq, ağırlaşmaların qarşısını almaq və onların reabilitasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılması, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təminatını, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanması və digər xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək və ortaya çıxan problemlərin həllini diqqət mərkəzində saxlayacaqdır.

Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın rayonlarında da keçiriləcək.

Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə   Qazi  





Xəbər lenti