ASK-dan iş adamlarına "YAŞAT" çağırışı
"Bir il öncə bütün dünyaya “Qarabağ Azərbaycandır və nida işarəsi”, bəyanatını verən Prezident, Ali Baş Komandan İlham Əliyevin taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində bu gün biz “Qarabağ Azərbaycandır!” reallığının xoşbəxtliyini yaşayırıq. Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
“Torpaq su tökülərsə palçıq, qan tökülərsə Vətən olar!” Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına nail olmuşuq. Bu gün hər bir azərbaycanlı əldə etdiyimiz zəfərdən böyük qürur hissi duyur və bu fəxarətə görə hər birimiz şəhid ailələrinə, qazilərimizə daima borclu olduğumuzu və onların sosial şəraitinin daha yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəməməli olduğumuzu dərk edirik.
Məlum olduğu kimi, 8 dekabr 2020-ci il tarixində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fondunun yaradılması haqqında ölkə prezidentinin müvafiq fərmanı olub. ASK bu fərmandan irəli gələn sosial korporativ məsuliyyət tədbirləri ilə bağlı üzvlərinə müraciət edir.
Hörmətli sahibkarlarımız!
Milli Ordumuzun fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan bu gün tarixinin ən şanlı günlərini yaşayır. Hazırda bütün vətəndaşlarımız kimi iş adamlarımızın da qəlbi Qarabağımızda döyünür. Həm torpaqlarımızın iqtisadi dirçəlişi məqsədilə biznes layihələri üzərində çalışır, həm də şəhid, qazi ailələrinin yanında oluruq.
İş adamları olaraq sizin hər birinizi İ.Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq, Fərmanın icrasının təmin olunmasında maksimum aktivlik göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırırıq.
İnanırıq ki, sahibkarlarımızın YAŞAT fonduna davamlı dəstəyi nəticəsində bütün məsələlərin öhdəsindən birlikdə gələ biləcək, qalibiyyətimizi möhkəm təməllərlə daha da gücləndirəcəyik".
Azvision.az
Teqlər: ASK Müraciət Sahibkar YAŞAT Fond