"Baku Network"un direktoru koronavirusdan vəfat etdi

"Baku Network"un direktoru koronavirusdan vəfat etdi
  05 Yanvar 2021    Oxunub:1539
"Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az -ın xəbərinə görə, E. Ələsgərov müalicə aldığı xəstəxanada vəfat edib.

Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Elxan Ələsgərov Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. “Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb. Minsk şəhərində yerləşən “Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr “Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

E.Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilib. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.

O, “Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. “Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti