İtaliyadan gətirilən 4572 kq qaymaq məhv edilib

İtaliyadan gətirilən 4572 kq qaymaq məhv edilib
  12 Yanvar 2021    Oxunub:4069
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada risk əsaslı ekspertizaya cəlb edilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib.

Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla əlaqədar olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kiloqram olan məhsul partiyası “Təhlükəli tullantılar” poliqonunda məhv edilib.

Azvision.az


Teqlər: Qaymaq   AQTA  





Xəbər lenti