Tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilmə qaydası təsdiqləndi
Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.
Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.
Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir. Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.
Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.
Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
Azvision.az
Teqlər: İcbari-sığorta Qayda