Ötən il Naxçıvanda 955 yeni iş yeri açılıb

Ötən il Naxçıvanda 955 yeni iş yeri açılıb
  26 Yanvar 2021    Oxunub:2262
2020-ci ildə muxtar respublikada 955 yeni iş yeri yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş aşpaz köməkçisi, bərbər, xalçaçı, dərzi, toxucu, bərbər-manikürçü, traktorçu-maşinist, elektrik montyoru, qazanxana maşinisti, dəmir yolu nəqliyyatında elektrik və rabitə montyoru üzrə peşə hazırlığı, qaz avadanlıqılarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma, cəzaçəkmə müəssisəsində isə qazanxana maşinisti üzrə peşə hazırlığı kurslarına ümumilikdə 374 nəfər cəlb edilib. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1994 nəfər müxtəlif peşələrə yiyələnib.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 66, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə 72 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunub.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 260, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 31 nəfər müvafiq vəzifələrə təyin olunub. Bununla yanaşı elan edilmiş digər müsabiqələrlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 4, prokurorluq orqanlarında 9, ədliyyə orqanlarında 5 nəfər müvafiq vəzifələrə təyin olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Peşə   İş  





Xəbər lenti