Anar İsgəndərov: “Vətən müharibəsindən sonra hər şey dəyişdi” - MÜSAHİBƏ

  Anar İsgəndərov:  “Vətən müharibəsindən sonra hər şey dəyişdi” -  MÜSAHİBƏ
  08 Mart 2021    Oxunub:8832
“Şuşa döyüşləri yüz il sonra da müzakirə olunacaq”
Milli Məclisin deputatı, tarixçi alim, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Anar İsgəndərovun Azvision.az-a müsahibəsini təqdim edirik:

- Azərbaycanda qısa müddət ərzində güclü dövlət konsepsiyasının necə reallaşdırılması, ölkəmizin sürətli inkişafı bütün dünyada maraq doğurur. Bu mənada Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ili necə xarakterizə edərdiniz? Ali Baş Komandan kimi torpaqlarımızın işğalına son qoyması ilə bağlı tarixi missiyanın reallaşdırılmasını necə dəyərləndirərdiniz?

- Doğru vurğuladınız ki, bu tarixi missiya idi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində ən böyük uğurlara imza atılan zəfərlə yekunlaşdı. Son 17 il ərzində əslində əksəriyyət belə düşünürdü ki, Ermənistan güclənir, işğalçının havadarları artır. Dağlıq Qarabağ məsələsi sanki unudulur, dünyada belə bir münaqişənin olması müzakirə edilmir və s. İddia edirdilər ki, gənc nəsil də bu məsələlərlə bağlı az düşünür, gənclər sanki Qarabağı özünün tarixi missiyası saymırlar. Amma bu yanlış düşüncə idi. Azərbaycanın dövlət başçısı həm müharibə dövründə, həm İkinci Qarabağ müharibəsi qələbəmizlə yekunlaşandan sonra, həm də Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında bir daha bu məsələyə qayıtdı. Ölkə başçısı 17 illik hakimiyyəti dövründə 4 vacib məsələni reallaşdırdı. İlk olaraq xalqla iqtidar birliyini, həmrəyliyini təmin etdi. İkinci məsələ - bu 17 il ərzində Dağlıq Qarabağ probleminin tarixi və hüquqi tərəfini uğurlu şəkildə dünyaya çatdıra bildi. Üçüncü məqam güclü iqtisadiyyat yaratdıq. Nəhayət, dördüncü vacib məsələ güclü ordu amilini önə çəkib, ordu quruculuğunu yüksək səviyyədə həyata keçirdi.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəyə hesablanmış bu dörd əsas fəaliyyətə nəzər yetirsək, bunların hər birinin torpaqların işğaldan azad olunmasına ayrıca bir töhfə verdiyini görərik. Əvvəlki illərdə bu işlərin effektli şəkildə qurulmasının nəticəsi idi ki, biz dünyanın diqqətlə izlədiyi vacib, tarixi müharibədə qısa zamanda qalib gələ bildik. Bəli, bu bir reallıqdır ki, indi beynəlxalq aləmdə Azərbaycan xalqı qalib, işğalçılar isə məğlub xalq kimi önə çıxırlar.

- Vacib məqamlardan biri kimi xalq-iqtidar birliyini vurğuladınız. Yəqin ki, tarixdə belə nümunəyə nadir hallarda rast gəlinir. Şübhə yox ki, xalq-iqtidar birliyi bundan sonra da güclü dövlət olaraq qalmağımızda öz sözünü deyəcək.

-Əlbəttə, buna şübhə belə olmamalıdır. Azərbaycan tarixində yeganə hadisə idi ki, bütün siyasi qurumlar birmənalı olaraq ölkənin Ali Baş Komandanının siyasi qərarlarının, iqtidarın yanında olduğunu bəyan etdilər. Xalq-iqtidar birliyindən söz açmışkən, yenidən ordu amilinə toxunmaq istərdim. Dünya tarixində xeyli sayda müharibələr olub ki, burada da neqativ hallar az olmayıb, döyüşən əsgərlərin ya etirazı, ya geri çəkilməsi və digər məqamlarla bağlı minlərlə misallar var. Amma Azərbaycan Ordusunda bir nəfər də olsa fərari əsgər olmadı. Əksinə, hərbçilərimiz yarımcan olsalar belə irəli getdilər. Biz yaşadığımız bu tarixi anlarda nələri müşahidə etdik? Əsgərlər yaralanıb hospitala aparılanda həkimlərindən incik düşürdülər ki, onları burada nahaqdan saxlayırlar. Yaralı, müalicə alan hərbçilərimiz dəfələrlə döyüş yoldaşlarının yanına can atıblar. Yaxud da, jurnalistlərin qazilərlə bağlı müsahibələrində xeyli oxşar fikirlər səsləndirilir ki, yaralı əsgər Şuşa döyüşlərinədək irəliləyə bilməməsindən məyus olur, təəssüf hissi keçirir ki, vaxtından tez yaralanması onun daha çox döyüşməsinə imkan verməyib. Xalqın içindən çıxan bu əsgərlər sadə silahlarla dünya hərb tarixinə düşəcək Şuşa döyüşlərini elə bir məharətlə qazandı, qəhrəmanlıq göstərdi ki, bu qələbə yüz il sonra da müzakirə olunacaq. Bütün bunlar Azərbaycan əsgərinə xas olan xarakterdir, xüsusiyyətdir. Tarixçi olaraq dünyada baş vermiş bir çox müharibələri oxumuş, araşdırmışam. Amma bu 44 günlük müharibədə yaşanan tarixi hadisələr, Vətənini, torpağını belə inanılmaz dərəcədə sevən Azərbaycan əsgəri qədər ikinci bir əsgər və hadisə olmayıb. Bütün bunlar tarixdir. Bəziləri elə düşünürdü ki, bu illər ərzində ölkəyə gələn neft gəlirləri və digər maliyyə axınları düzgün istifadə edilmir. Amma sübut olundu ki, bu da yanlış düşüncə imiş. Azərbaycan bu illər ərzində ən müasir, bir çox ölkələr üçün əlçatmaz olan silahlara sahib olurmuş. Ancaq tək müasir, güclü silahları əldə etmək deyil, kadrların yetişdirilməsi, yeni texnika və silah növlərindən peşəkarcasına istifadə edilməsi də vacib amildir. Kadr potensialını da genişləndirdik. Biz həm də xalq olaraq birləşib, bu illər ərzində dünyaya nəyi sübut etmək istəyirdik? Qarabağın Azərbaycan torpağı olmasını. Silahlar sonra öz sözünü deyəcəkdi. Amma buna qədər xalq çəkici bir nöqtəyə vurub, dövlətimizlə birgə beynəlxalq aləmdə düzgün təbliğatlar qurmalı idi. Əslində bacardıq, dünyaya çatdıra bildik ki, biz haqlı tərəfik. Prezidentin bu işlərdə gərgin əməyi, diplomatik məharəti, inanılmaz dərəcədə enerji sərf etməsi də sonda öz sözünü dedi.

Qısa bir xatırlatma edim ki, Münhendə dövlət başçısı bütün dünyanın gözü önündə işğalçı ölkənin rəhbərinə tarix dərsi keçdi. Kürəkçay müqaviləsini xatırlatdı ki, gör sənin millətinin, dövlətinin adı bu sənəddə keçirmi? Eyni zamanda məsələnin hüquqi tərəfində də ciddi işlər görülürdü. ATƏT, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamentinin, İƏT-in qəbul etdiyi vacib qərarların hər birində Azərbaycanın ərazi bütövlüyü önə çəkilirdi, torpaqların əsl sahibi bizim olduğumuz təsdiqlənirdi. Amma bununla yanaşı problemin sülh yolu ilə həlli də bizə yeganə çıxış yolu kimi göstərilirdi. Dövlət başçısının dediyi kimi, ancaq biz gördük ki, 30 il müddətində ATƏT-in Minsk Qrupu vaxt keçirir, bizə ancaq gözləyin mesajı verir, sülh bəhanədir, hüququn gücündən istifadə edilmir. O zaman ölkə, xalq olaraq biz gücün hüququndan istifadə etdik. Öz gücümüzlə, hərb yolu ilə beynəlxalq sənədlərdə təsbit olunmuş, tarixi və əzəli torpaqlarımızı geri qaytara bildik.

Yəni sualınıza qayıdaraq bir daha deyirəm ki, güclü iqtisadiyyat, xalq-iqtidar birliyi olmasaydı, məsələnin tarixi və hüquqi tərəfi təmin edilməsəydi və Azərbaycan gəncliyi, əsgərlərimiz bu ruhda tərbiyə olunmasaydı, təbii ki, müharibədən qalib tərəf kimi çətinliklə çıxardıq. Amma xoşbəxtlikdən ilk sualınızda sadaladığım məlum dörd şərti, faktoru Azərbaycan dövləti, Ali Baş Komandan, xalq yüksək səviyyədə yerinə yetirə bildi. Nəticədə biz müharibələr tarixinə düşən Vətən savaşında zəfər əldə etdik. Dünyanın az qala ən böyük nüfuzlu təşkilatları, bəzi böyük dövlətləri Azərbaycanı məcbur edirdilər ki, işi yarımçıq saxlasın. Amma Ali Baş Komandan bu təzyiqlərə axıra kimi sinə gərdi. Nəinki sinə gərdi, sona qədər əvvəldən dediyi fikirlərinin, tələblərinin üstündə durdu ki, işğalçı ölkə sülhə razılaşıb dinc yolla torpaqlarımızdan geri çəkilsin. Sonuncu əsgərinə kimi erməni ordusu torpaqlarımızdan çıxsa, yaxud da, yalnız ölkə rəhbərinin imzası ilə öhdəlik olsa ki, qarşıdakı təyin olunan tarixlərdə çıxırıq, biz də döyüşləri, azadetmə əməliyyatlarımızı dayandıracağıq. Doğrudan da bu belə oldu.

-Bu, Qarabağın azad edilməsi ilə bağlı böyük planlarımızın bir hissə idi. Artıq biz Qarabağı yenidən cənnətə çevirməyə başlamışıq, bərpa işlərinə start vermişik. İkinci mərhələnin uğurla getdiyini demək olarmı?

- Hər şey öz axarına düşüb, qarşıda bizi böyük quruculuq işləri gözləyir. Artıq qalib tərəf kimi dünyanı məcbur edirik ki, atom bombasının atılmasından sonrakı mənzərəni xatırladan kənd və şəhərlərimizə gəlib reallıqları öz gözləri ilə görsünlər. Görsünlər ki, onlar 30 il müddətində hansı bir vəhşi dövlətə təzyiq göstərməyiblər. Anlasınlar ki, bu işğalçı dövlətdə, humanizm, ədalət, xeyirxahlıq, tarixi mədəni, irslərə dəyər yoxdur. Onlar faşist, qəddar bir dövlətdir ki, bu qədər nəhəng tarixi, mədəni, dini abidələrdən birini də salamat saxlamayıblar. Yaşayış yerləri, kənd və şəhərlərin, məktəb və ümumilikdə evlərin yerlə-yeksan edilməsini hələ demirik... Bu dövləti, belə xalqı və onun ordusunu müdafiə etməyə dəyərdimi? Ona görə də bu cür proseslərin getməsi vacibdir. Bir tərəfdən quruculuq, digər tərəfdən isə güclü təbliğat işləri ilə dünyanı hökmlə inandırmaq lazımdır ki, gələcəkdə bir də belə hallar təkrarlanmasın, işğalçılar pərdələnməsin. UNESKO kimi bir təşkilat yersiz şəkildə Azərbaycana çağırış edəndə ki, azad olunan torpaqlarımızda xristian abidələrini qorumaq lazımdır, biz geri çəkilmədik. Əksinə, loru dildə desək, onları başa saldıq ki, bizim islamaqədərki tariximiz xristian tarixi olub. Bu abidələr dövlətindir, xalqımız isə artıq dünyada nadir nümunəyə çevrilmiş multikultural dəyərlərə malikdir. Bizim üçün heç bir fərqi yoxdur ki, torpağımızda xristian, yaxud da digər dinlərə məxsus abidələr var. Onların hər biri dini dəyər olaraq müqəddəs sayılır, borcumuz isə daim onları qorumaq olub. Kəlbəcərdəki dini abidələrin alban abidələri olduğu dünyada hər kəsə bəllidir. Bizim ilk dövlətlərimizdən biri də Alban dövləti sayılır. Yəni məsələyə hansı aspektdən yanaşsaq, Azərbaycan xalqını bu işlərdə suçlamaq düzgün deyil.

- Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyası (YAP) da Vətən müharibəsindən sonra regionda və ölkədə yaranmış reallıqlara uyğun fəaliyyətə keçdiyini göstərdi. Partiya gələn il baş tutacaq 30 illik yubileyinə artıq yeniləşmiş formatda gedir. Qurultayla bağlı fikirləriniz maraqlı olardı. VII qurultaydan sonra yəqin ki, YAP fəaliyyətini Qarabağ zəfərinin ölkəmizdə yaratdığı yeni reallıqlara uyğun quracaq. Partiyanın yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edən yeni proqram hazırlayacağı bildirilir. Bütün bu prosesləri necə qiymətləndirirsiniz?

- 44 günlük müharibəyə qədər hamımız məğlub ruhda idik. Amma Vətən müharibəsindən sonra hər şey dəyişdi. Artıq Cənubi Qafqazın siyasi mənzərəsi belə dəyişib. Cümhuriyyət dövründə, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də biz tez-tez Qafqaz evi ifadəsini gündəmə daşıyırdıq. Təəssüf ki, buna fikir verən olmurdu. İndi bu Qafqaz evinə nəinki İran, Türkiyə də qoşulur. Gürcüstan, Rusiya da bu birliyə can atır və əgər Ermənistan bura qoşulmaqda maraqlıdırsa, artıq Cənubi Qafqazın deyil, ümumilikdə böyük bir ərazinin, regionun siyasi mənzərəsi dəyişəcək. Bütün bu dəyişikliklər mövcuddursa, əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın da platforması, nizamnaməsi və proqramında dəyişikliklər edilməli idi. Azərbaycan bu gün qalib ölkə kimi işğaldan azad olunan torpaqlarını necə bərpa edəcəyini planlaşdırır. Eyni zamanda hələlik ermənilərin yaşadığı ərazilərin də taleyini həll edir. Düzdür, status məsələsi aradan götürülüb. Amma bunu hələlik biz reallaşdırmışıq. Çünki dünyanın nüfuzlu dövlətləri və təşkilatlarının bu mövzuda konkret fikirləri də yoxdur. Biz öz fikrimizi əsaslandırmaq üçün daha nələrdən istifadə etməliyik? Yəni beynəlxalq aləmdə, daxili və xarici siyasətdə görüləcək işlər hələ çoxdur. Əlbəttə ki, təkcə YAP-da yox, ümumiyyətlə dövrün siyasi mənzərəsində böyük dəyişikliklər var. 6 partiya nə üçün YAP-a qoşuldu? Çünki onların proqram və nizamnamələrində Dağlıq Qarabağla bağlı nələr nəzərdə tutulmuşdusa, 44 gün ərzində onların hamısı həyata keçirildi. Bu partiyaların üzvləri, rəhbərləri başa düşdülər ki, YAP onların yazdıqlarını reallaşdıra bilibsə, elə bu siyasətçilər də hakim partiya ilə birgə addımlasalar daha məqbuldur. Birmənalı şəkildə deyə bilərəm ki, 10 milyonluq xalqın həyatında hər şey dəyişib. O cümlədən də partiyada. YAP iqtidar partiyası olduğu üçün yeniliklərə getdi. Nə üçün yeni proqram hazırlanmalıdır? Artıq bu gün müdafiə yox, hücum diplomatiyasındayıqsa bizim bütün fəaliyyətlərimiz bunun üzərində qurulmalıdır. Düşünməliyik ki, gələcək üçün nələr etmək lazımdır ki, dünyada daha üst səviyyəyə qalxa bilək. Biz ərazicə kiçik dövlət ola bilərik. Amma siyasi mövqeyimiz, nüfuzumuza görə yalnız Cənubi Qafqazda deyil, dünyada tanınır, böyük hörmətlə önə çəkilirik. Əgər Cənub Qaz kəməri Azərbaycan qazını Bolqarıstan, İtaliya, Yunanıstana çatdıra bilirsə, bu artıq ölkəmizin yalnız Cənubi Qafqaz dövləti olması anlamına gəlmir. Yaxud da Böyük İpək Yolu ilə bağlı məsələlərdə İran, Türkiyə, hətta Cənub-Şərqi Asiya ölkələrinə qədər gedə, ciddi bir iqtisadi şəbəkə qura biliriksə, bu artıq kiçik deyil, böyük nüfuza malik dövlət anlamına gəlir. Təbii ki, belə dövləti idarə edən partiyanın nizamnamə və proqramında dəyişikliklər olmalı idi. Ona görə də baş verən yeniliklər və onlarla ayaqlaşma təbii proseslərdir.

- Bir neçə mühüm məqamı həm tarixi aspektdən, həm də indiki reallıqlar baxımından şərh etdiniz. Bəs yaxın illərdə bizi gözləyən başqa bir tarixi hadisə - Zəngəzur dəhlizinin perspektivlərini necə qiymətləndirirsiniz?

- Əslində ən böyük qazanclarımızdan biri də qeyd etdiyiniz dəhliz amilindən sonra reallaşacaq. Ermənistan respublikası yaradılması və sonradan Zəngəzurun bolşeviklər tərəfindən ermənilərə verilməsi ilə Naxçıvanla Azərbaycan arasında olan quru sərhəd aradan qaldırıldı. Naxçıvan sözün həqiqi mənasında blokadaya salındı. Bu gün belə bir dəhlizin açılması çox ciddi tarixi hadisə sayılacaq. Naxçıvanla bağlı 90-cı illərdən sonra da müəyyən təklif və planlar var idi, məşhur amerikalı politoloqun bu mövzuda ideyası ortaya atılmışdı. Amma bu məsələlər reallaşmadı. Dəhliz ideyasını bu dərəcədə ideal, belə uyğun formada xeyrimizə həll etmək mümkün deyildi. Ancaq indi yaranan situasiyaya baxaq, görün nə gözəl imkan və mənzərə yaranıb. Naxçıvanla Azərbaycan arasında planlaşdırılmış nəqliyyat-kommunikasiya xətlərinin bərpası tarixi nailiyyət olacaq. Artıq burada yalnız Naxçıvan deyil, Türkiyə ilə Azərbaycan arasında da yollar bərpa olunacaq. Bu həm də birmənalı olaraq Naxçıvanın blokadadan qaldırılması deməkdir. Bu günə kimi Azərbaycanla muxtar respublika arasında süni şəkildə yaradılmış bütün çətin əlaqələr daha da asanlaşacaq. Bundan böyük uğur ola bilməz. Regionun mənzərəsi də yenidən dəyişəcək. Düzdür, dövlət başçısı qeyd etdi ki, qarşı tərəfdən bu məsələlərlə bağlı bəzi tərəddüdlər, geri çəkilmə meylləri hiss olunur, amma bu mümkün deyil. Nə üçün? Çünki ortada sənəd var, üç ölkənin imzası var. Öhdəliklər isə yerinə yetirilməlidir. Digər tərəfdən əgər Ermənistan bu işlərə tez bir zamanda başlasa, inanın ki, nəinki erməni vətəndaşlar, elə Dağlıq Qarabağ ermənilərinin çoxu da rahat şəkildə Türkiyədə, İstanbulda olacaqlar. Yəni bu dəhlizdən həm sosial məsələlər, həm iqtisadi gəlişmə, həm də digər baxımdan ən çox qazanan tərəf elə İrəvan olacaq. Ağıllı, uzaqgörən rəhbər bu işdən qazmaz. Həmçinin millətçilik və revanşist hisslərdən imtina etmək lazımdır. Əslində bütövlükdə Ermənistanda yaşayan sadə insanlar deyil, diaspor, lobbi, ümumilikdə siyasi elita həmişə bu xalq üçün faciələrə yol açan siyasi gedişlərə səbəb olublar. Əgər onlar da ağılla hərəkət edib, ölkənin gələcəyini düşünsələr, bizdən qabaq bu dəhlizi bərpa edərlər.

Naxçıvanla Azərbaycan, Azərbaycanla Türkiyə rahat şəkildə birləşəcəklər, dəhliz bizi daha əlçatan edəcək. Amma ən çox qazanan dediyim kimi hazırda ağır iqtisadi duruma düşmüş Ermənistan olacaq. Əminəm ki, bu dəhliz, yollar açılacaq. Bildiyiniz kimi 1921-ci ildə bağlanmış Moskva, Qars müqavilələrinin yüz illiyi yaxınlaşır. Bu dəhlizin indi reallaşması həm də tarixilik baxımdan töhfə olar. Müqavilədən sonra Naxçıvan çətinliklərlə Azərbaycanın tərkibində qalmışdı. Amma 100 ildən sonra bu çətinliklər aradan qalxa bilər. Naxçıvanı Azərbaycandan ayıran 42 kilometr ərazi var. Ancaq Zəngəzur dəhlizinin reallaşması buna son qoyacaq. İran və Rusiya üçün də yeni imkanlar açıla bilər. Yəni tarixilik baxımdan regionda artıq yeni mərhələ başlayır, bu məsələdə qonşu ölkələrin heç biri itirməyəcək. Biz həmişə deyirik ki, Cənubi Qafqazda yaşayan xalqlar firavan, xoşbəxt bir şəkildə, əməkdaşlıqla irəli getməlidirlər. Bölgədə kimin tez, kimin gec formalaşmasından və ya regiona gəlməsindən asılı olmayaraq, bütün xalqlar səmimi münasibət qura bilsələr, o zaman Qafqaz ölkələri güclü şəkildə inkişaf edər. Əmin-amanlıq şəraitində yaşayan xalqlar gələcəyə ümidlə baxa bilərlər. Amma nə zaman ki, müharibə, torpaq iddiaları ortaya atılır, həmin ərazidə heç vaxt sabitlik, inkişaf olmayacaq. Biz o sabitliyi istəyirik və bu inkişafın, sülhün, birgəyaşayışın xətrinə Ermənistanı da inkişaf etdirməyə hazırıq. İrəvan təcavüzkar siyasət yürütməsəydi, neft-qaz kəmərlərimiz indi onların ərazisindən keçmişdi. Bu gün də deyirik ki, erməni xalqının ağır şəraitdə yaşamasının səbəbi siyasi elitasının təcavüzkar siyasət sərgiləməsi oldu. Bəlkə, doğrudan da İrəvan yaxın gələcəkdə ağılla hərəkət etməyə başlayacaq. Əgər normal qonşuluq siyasətinə qayıtsalar, bu erməni xalqına nələrsə verəcək. Əks təqdirdə, onlar üçün bataqlığın sonu görünmür...

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Müharibə   Şuşa   Döyüş  





Xəbər lenti