Paşinyanın yalanı ifşa olundu

  Paşinyanın yalanı ifşa olundu
  22 Mart 2021    Oxunub:10406
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan raketsiz Su-30 qırıcı təyyarələrinin alınması barədə açıqlaması geniş müzakirələrə səbəb olub.
Azvision.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Paşinyanın növbəti yalanını ifşa ediblər. Belə ki, baş nazirin 2020-ci ilin yayında həmin təyyarələrin raket sınağından keçirildiyi barədə bəyanatı xatırladılıb.

Məlumat üçün bildirək ki, ötən gün Paşinyan İrəvanın Moskvadan Su-30SM təyyarələrini alarkən onların döyüş sursatının olmadığını deyib. O bildirib ki, qırıcı təyyarə Ermənistana mayda gətirilib. Bundan əvvəl isə Paşinyan təyyarələrin 2019-cu ilin dekabrında gətirildiyini bəyan etmişdi.

Erməni baş nazir təyyarələrin raketsiz olmasına görə məsuliyyəti özündən əvvəlki hakimiyyətin üstünə atıb. O hesab edir ki, əgər əvvəlki hakimiyyət təyyarələri alsaydı, daha sonra raketləri ala bilərdilər:

"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?".



Paşinyanın bu fikirləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri buna cavab olaraq, baş nazirin 2020-ci il iyulun 3-də yaydığı videonu paylaşıblar.

Həmin videoda baş nazir bildirir ki, Su-30SM qırıcıları "döyüş atışları" ilə məşq uçuşları keçirir, "hücum əməliyyatları" üçün hava-yer tipli raketlərin sınağını aparır.

Xatırladaq ki, Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə ilk dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri, general Movses Akopyan açıqlama verib. Onun fikrincə, Rusiya başqa dövlətlərə 130 km mənzilli raketləri satmır. Ermənistan hökuməti isə onun bəyanatını təsdiqləməmişdi.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti