Ağ Ev Çinə qarşı daha böyük büdcə istəyir

 Ağ Ev Çinə qarşı daha böyük büdcə istəyir
  12 Aprel 2021    Oxunub:963
ABŞ prezidenti Co Bayden Rusiya və Çini “dayandırmaq” üçün Konqresdən müdafiə xərcləri istəyib. Bunun üçün 715 milyard dollar tələb olunur.
Ağ Ev Çindən gələn təhdidə qarşı maliyyənin artırılmasının vacibliyini ön plana çəkib. Sənəddə deyilir ki, Rusiyanın sabitliyi pozan davranışını dayandırmaq da vacibdir. Ağ Evin Konqresə təqdim etdiyi sənəddə ABŞ-ın NATO və Sakit okean bölgəsindəki müttəfiq və tərəfdaşlarla birlikdə işləməyin vacibliyi vurğulanıb:

“Pandemiyadan iqlim dəyişikliyinə, Çinin artan ambisiyalarından, demokratiya üçün bir çox qlobal təhdidlərə qədər qlobal problemlərin uğurla həlli üçün digər xalqlarla yanaşı ortaq şəkildə çalışmaq lazım olacaq”.

Bundan əlavə, sənəddə dövlət qurumlarının köhnəlmiş informasiya sistemlərini modernləşdirmək və Federal kibertəhlükəsizliyi gücləndirmək zərurəti də əsaslandırılıb:

“Texnologiyaların Modernləşdirilməsi Fondu üçün 500 milyon dolları, Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi üçün əlavə 110 milyon dollar və Federal agentliyin informasiya texnologiyaları inkişafı üçün ehtiyat olaraq 750 milyon dollar lazımdır”.

Bu arada, ABŞ konqresmenləri Çin rəsmilərinə əlavə sanksiyalar tətbiq edəcək qanun layihəsi üzərində çalışmalarını yekunlaşdırırlar. ABŞ-ın Tayvanla daha yaxın münasibətlərini qurmaq, Çinə qarşı insan haqları və dəniz təhlükəsizliyi ilə əlaqəli təhdidlərə qarşı yönəlmiş digər tədbirlər arasında Pekinin hərbi əməliyyatları və ərazi iddialarına daha çox nəzarət etmək məqsəduyğun sayılır. Sənədin müəllifləri Senatın Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendes və onun respublikaçı tərəfdaşı Cim Ricdir. Menendesin fikrincə, ABŞ-ın əsas strategiyasını, iqtisadi və diplomatik alətlərini Çinə qarşı istifadə etmək lazımdır.

Qanun layihəsi insan haqları qruplarının Birləşmiş Millətlər Təşkilatının hesabatlarına istinad edib: “1 milyona qədər Uyğurun və digər müsəlman azlıqların Sincan əyalətində zorla işləmə, məcburi sterilizasiya və digər sui-istifadə ittihamı ilə Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edir”.

Öz növbəsində Pekin bu iddiaları dəfələrlə təkzib edərək, düşərgələrin peşə təhsili müəssisələri olduğunu bildirib.

Qanun layihəsində Hong Konqda demokratiyanı təşviq etmək üçün 10 milyon dolların ayrılması nəzərdə tutulub. Sənəddə, həmçinin Çinin hərbi modernizasiyası və genişlənməsi qarşısında müttəfiqlərlə genişləndirilmiş koordinasiyaya və əməkdaşlığa çağırış var. Çinin ballistik, hipersəsli qanadlı raketlər, nüvə, kosmik, kiber məkan və digər strateji sahələri haqqında hesabatlar hazırlanması tələb edilir. Adı çəkilən sənəd Konqresdə qəbul edildiyi təqdirdə, ABŞ rəsmilərinin Tayvanlı həmkarları ilə qarşılıqlı əlaqələrindəki bütün məhdudiyyətləri ləğv edəcək. Qanunvericilik, Hindistan-Sakit okean bölgəsindəki müttəfiqlər və tərəfdaşlarla hərbi əlaqələrin gücləndirilməsi üçün əlavə səylərin göstərilməsini şərtləndirəcək.

Sənəddəki başqa bir bənd, Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrin yardımları məhdudlaşdırmağı nəzərdə tutur. Bu bəndi yerinə yetirmək çətin olacaq. Çünki Çinin həmin təşəbbüsünə qoşulasn ölkələrin həm sayı çoxdur, həm də həmin ölkələr içərisində ABŞ-ın təərfdaşları var.

Bu arada¸ “The New York Times” qəzetinin “Global Trends 2040” adlı hesabatına görə, Çin beynəlxalq nüfuzunu genişləndirmək üçün Qərbin çətinliklərindən istifadə edir: “ABŞ və Çin arasındakı rəqabət, çox güman ki, gələcək onilliklər ərzində geopolitik mühit üçün geniş parametrləri müəyyənləşdirəcək və digər aktyorlara daha sərt seçimlərə məcbur edəcək”. Hesabata görə, bir çox ölkədə milliyyətçilik və qütbləşmə artmaqdadır. Ayrıca, hesabatda mövcud tendensiyaların qlobal siyasəti daha dəyişkən hala gətirəcəyi proqnozlaşdırılıb: “Beynəlxalq səhnədə Çin, ABŞ-a və Qərbin rəhbərlik etdiyi dünya nizamına qarşı çıxmağa davam edəcək. Rəqib güclər mübarizədə qlobal normaları, qaydaları və qurumları adlayacaqlar”.

Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az


Teqlər: Çin   ABŞ  





Xəbər lenti