AzVision: Ura dövrünün parkı - VİDEO

      AzVision:    Ura dövrünün parkı -    VİDEO
  15 Aprel 2021    Oxunub:11748
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


1. “Ura” dövrünün parkı

Həftə Bakıda Hərbi Qənimətlər Parkının açılması ilə başladı. Bu park (yaxud, ona “açıq səma altında muzey” demək bəlkə daha doğru olar) Qarabağ münaqişəsinə fərqli bir bucaqdan - Azərbaycan dövlətinin qalib gözü ilə baxışını əks etdirir. Yəni dünənə qədər biz Qarabağ münaqişəsinə baxanda bir şey görürdük, bu gün tamam başqa şey görürük. Bu gün bir azərbaycanlı üçün Qarabağ münaqişəsi artıq ələ keçirilmiş hərbi texnika, fərarilik etməsinlər deyə zəncirlənmiş erməni əsgərləri, tam partlamamış “İsgəndər M” raketləri, bir sözlə, parkda gördüyümüz eksponatlar deməkdir. Reallıq və onunla yanaşı, təfəkkür dəyişib.

Demə Qoq:
- Amma öldürülmüş erməni əsgərlərin dəbilqələrini o cür asmaq düzgün deyil də...
- Niyə?
- Çünki bir tərəfdən deyirik ki, “sülh istəyirik”, “ermənilərlə bir yerdə yaşaya bilərik”, amma o biri tərəfdən də məhv etdiyimiz erməni əsgərlərin dəbilqələrini göstəririk. Ziddiyyət yaranır.
- Məncə, əksinə. Özü də 180 dərəcə əksinə. Bunlar bir-birini tamamlayırlar.
- Məntiq görmürəm!
- Bax. Bu gün kimsə Faşist Almaniyasını pisləyəndə, bu, müasir almanları xətrinə dəyirmi? Tutaq ki, III Reyx ilə bağlı filmlər, hitlerilərin dünyanın müxtəlif muzeylərində olan eksponatları müasir almanı incidirmi?
- Hmmmm... Məncə, yox.
- Niyə? Çox sadə bir səbəb var: Çünki bugünkü almanlar III Reyxin bütün mirasından, siyasi və mənəvi irsindən imtina ediblər. Bizim ermənilərlə münasibətimizdə bu, əsas şərt olmalıdır: Onlar “miatsum” ideologiyasından və Azərbaycan, ümumiyyətlə, türk torpaqlarına olan bütün iddialardan imtina etməlidirlər. Əks halda zatən heç bir sülhdən və qonşuluqdan söhbət gedə bilməyəcək.
Hərbi Qənimətlər Parkı Ermənistana həm də onu xatırlatmaq üçündür ki, normal dövlət olmaq istəyirsə, yeni mərhələyə adlamalı və II Qarabağ Müharibəsinə qədərki işğalçı Ermənistan dövlətinin bütün siyasi və mənəvi mirasından imtina etməlidir. Həmin parkda sərgilənən bütün eksponatlara ermənilər utanmalı olduqları keçmişləri kimi baxmağı öyrənməlidirlər. Bu mənada, həmin park heç də təkcə Azərbaycan Ordusunun gücünü azərbaycanlılara sərgiləmək üçün deyil. O, Ermənistana xatılatmaq üçündür ki, dünəni ilə sabahı arasındakı suayırıcı xətt bax, bu parkdan keçməlidir. Ya hər gün buna baxa-baxa alçalmalısan, yenidən blokadada oturub, qisas xülyaları qurmaqda davam etməlisən, ya da bu mərhələyə nöqtə qoyaraq, həmin irsdən imtina eləyərək, yenilənmiş xalq və dövlət kimi meydana çıxmalısan.

2. Ermənilərin gələcək axtarışı

Təbii, Ermənistanın özündə də nisbtən ağıllı başlar anlayırlar ki, gələcəyin xəritəsi olmasa da, ən azından, kompasını düzəltmək lazımdır. Ötən həftə Ermənistanın prezidenti Armen Sarkisyanın “Sputnik Armenia”ya müsahibəsində dedikləri bu baxımdan maraq doğururdu:

- Rusiya – köklü imperiya ənənələri olan nüvə dövləti, Ermənistan – böyük potensiala malik balaca ölkədir. Söhbət San-Fransiskodan tutmuş, Kanberraya qədər bir çox dünya ölkələrinin ictimai-siyasi həyatına yaxşı inteqrasiya olunmuş diasporadan gedir. Bir az da qabağa gedib, deyə bilərəm ki, hazırda dünya şəbəkə-dövlətlərin ön plana çıxdığı dövrə qədəm qoyur və Ermənistanın da məhz belə dövlət olmaq üçün bütün şansları var. Öz növbəsində, Rusiya necə bir Ermənistan görmək istədiyini müəyyənləşdirməlidir. “Böyük qardaş”dan asılı olan, zəif və müxtəlif təsir qruplarının bir-birilə daim mübarizə apardıqları ölkə, yoxsa, bütün resurslardan daha da möhkəmlənmək və nüfuzunu artırmaq üçün üçün istifadə edən güclü Ermənistan?

Bu, son dərəcə maraqlı mesaj idi. Hər şeydən əvvəl, diqqəti çəkən odur ki, Ermənistan prezidenti ölkənin gələcəyini müəyyən edəcək amil kimi məhz və yalnız Rusiyanın ona necə baxmasını götürür. Yəni hər şey Rusiyanın necə düşünməsindən, nə istəməsindən asılıdır. Ermənistanın özünün müstəqil iradəsi, gedəcəyi yolu, qurmaq istədiyi gəlcək modelini seçmək imkanı yoxdur. Bu, həqiqətən də o deməkdir ki, Ermənistan elə şəbəkə xalqıdır. O, öz dövlətini qurub, möhkəmləndirən xalq olmağı bacarmayıb. Virtual xalq kimi mövcuddur.

Demə Qoq:

- “Şəbəkə dövləti” nə deməkdir elə? Politologiyada təzə termin yaranıb, biz eştiməmişik?

Armen Sarkisyan hiyləgərlik edərək, “şəbəkə dövləti” terminini işlədir, amma şəbəkə dövləti ola bilməz, xalqı ola bilər. Başqa sözlə, bu, o deməkdir ki, ermənilərin Güney Qafqazda qurmaq istədikləri Ermənistan Respublikası alınmayıb, bura dövlət yox, gələcəyilə bağlı Rusiyanın qərarlar verdiyi ərazidir. Ermənilərin şəbəkə xalqı yox, öz dövlətini ərsəyə gətirmiş real xalq kimi formalaşmaları isə ilk növbədə Rusiyanın ona necə baxmasından yox, ermənilərin özünün Azərbaycan və Türkiyə ilə münasibətlərini necə qurmasından asılı olacaq. Hər iki dövlət həqiqətən ermənilərlə olan problemlərə nöqtə qoyub, yeni mərhələyə adlamaq istəyirlər. Bu problemlər nə Azərbaycana lazımdır, nə Türkiyəyə, nə də ermənilərin özünə. Və hazırda bütün müharibələrdən sonra olduğu kimi, doğrudan da, yeni mərhələyə adlamaq üçün yaxşı tarixi şans yaranıb. Erməni xalqı öz gələcəyilə bağlı ssenarilərin üzərində düşünürsə, bu şansı qiymətləndirərək, heç vaxt gerçəkləşməyəcək ərazi iddialarından və türk fobiyasından əl çəkib, yeni dövlətçilik ideologiyası qurmalıdır. Əks halda, əgər Rusiyanın regiondakı forpostu kimi qalmağı üstün tutacaqlarsa, bir şeyi nəzərə alsınlar: Rusiya onlara hər zaman ancaq regionda möhkəmlənmə siyasətinin vasitəsi kimi baxıb. 200 il əvvəl də belə idi, 100 il əvvəl də, indi də. Sənə vasitə kimi baxanı etibarlı arxa-dayaq kimi qəbul etmək axmaqlıqdır. Rusiyanın ermənilərə necə yanaşdığını rusiyapərəst oliqarx, müxalifətin əsas siması, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın bu həftə oğluna çaldırdığı toy çox simvolik şəkildə göstərirdi. Həmin toyun erməni sosial şəbəkələrində böyük hay-küy doğurması heç də təsadüfi deyil.

3. Bəla zamanı toy

Bir ölkədə əsas problem “əsir” dedikləri şəxslərin qaytarılmasıdırsa, müharibədə verilən itkilərin acısı hələ də soyumayıbsa, müxalifətin əsas liderlərindən birinin nağıllardakı kimi dəbdəbəli toy çaldırması nə deməkdir?! Yerli medianın yazdığına görə, İrəvan səmasında toy atəşfəşanlıq düz 25 dəqiqə davam edib. Sosial problemlərin içində boğulan və hələ də yas saxlayan bir ölkədə rusiyapərəst müxalifət lideri oğlunun toyuna milyonlarla dollar xərcləyirsə, bu, o deməkdir ki, nə seçicini nəzərə alır, nə cəmiyyətin münasibətini. Erməni mediası kinayə ilə yazır ki, deyəsən, müharibə vaxtı Azərbaycana atılmalı olan mərmilər Qaqik Tasrukyanın oğlunun toyunda fişəng kimi havada partladılıb. Ölkədə yumurta isə ona görə yoxa çıxıb ki, hamısı ikimərtəbəli ev hündürlüyündə olan toy tortuna sərf edilib.
Bu hadisədə bizim rəmzi hesab etdiyimiz odur ki, rusiyapərəst oliqarxın və müxalifət liderinin erməni xalqına bu cür münasibəti əslində elə onun arxasında dayanan Rusiyanın münasibətindən fərqlənmir. Hamısı sümüklərin üstündə oynamağa hazırdırlar. Erməni xalqı özü bunu başa düşməli və gələcəkdə başqa sümüklərinin başqa rəqs edənlərin ayaqlarının altında qalmasını istəmirsə, Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən o dəbilqələrdən imtina etməlidir. O dəbilqələri göstərmək qalib tərəf kimi Azərbaycanın haqqıdır, bu, bir növ qələbə estetikasıdır. Çünki əgər biz uduzsaydıq, məlum deyil, “qədim və və mədəni xalq” nələri, harada, necə göstərəcəkdi.

Demə Qoq:
- Sən heç bilirsən, dünya mediası bununla bağlı nələr yazır?! Hamısı bizi pisləyir e...

Çünki onlar məsələyə düzgün yanaşmırlar, yanaşmaq istəmirlər. Məqsəd heç də təkcə Azərbaycanın qalib simasını, gücünü göstərmək deyil, eyni dərəcədə, bəlkə daha da artıq Ermənistanın o dəbilqələrin içini boş qoyan yanlış ideologiyasını hər gün, hər saat onlara xatırlatmaqdır. Bəli, əvvəlcə cırnayacaqlar, bəli, onların bütün hisslərinə ağır şəkildə toxunacaq, necə ki, toxunub da. Amma gec-tez “Niyə belə oldu, niyə bizim dəbilqələrimiz orada - Bakıda asilib” sualınnın üzərində də düşünəcəklər. Və o zaman bu suala verilən on cavabdan biri doğru olsa, bəsdir.

4. Doğru cavab

Hərbi Qənimətlər Parkının açılışı zamanı dövlət başçımızın təltif olunan hərbçilərlə görüşü zamanı etdiyi çıxış əvvəlkilərdən bir qədər daha sərt və bir qədər daha açıq olması ilə fərqlənirdi. Həmin fikirlər Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəblərini təhlil etmək üçün istiqamət göstərir. Məsələn, niyə ermənilər Qarabağ istiqamətində xeyli irəliləyə bildikləri halda, faktiki blokadada qalan Naxçıvanda praktik olaraq, keçilməz müqavimətlə qarşılaşmışdılar? Axı ölkənin böyük hissəsilə əlaqələrinin yoxluğu səbəbindən Naxçıvanı işğal etmək əslində daha asan olmalı idi. Və ermənilər buna ən azı Qarabağdakı qədər cəhd də göstərirdilər. Bu, həm sübut edir ki, onların məqsədi Qarabağ deyil, ümumiyyətlə, geniş mənada işğalçılıqdır. Eyni zamanda, ondan xəbər verir ki, ermənilər Azərbaycanın hər tərəflə əlaqəsi kəsilmiş balaca hissəsilə bacarmamışdılarsa, bütövlükdə ölkənin özü ilə heç bacarmazdılar. Dolayısı ilə, Birinci Qarabağ savaşında bizi məğlub edən ermənilər olmayıb.

- Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər.

Demə Qoq:
- Bax, mənə bir şey maraqlıdır ki, hər dəfə AXC-Müsavatdan danışmaqda məqsəd nədir? Onlar onsuz da yox kimidirlər də. Nİyə cənab prezident hər dəfə onları yada salır?

Təəssüf ki, sosial şəbəkədə çox vaxt sual belə qoyulur, məsələnin bu tərəfi qabardılır və nəticədə verilən mesaj təhrif edilir. Prezidentin hər dəfə o məsələni xatırlatması boşuna deyil. Ümumiyyətlə, birdəfəlik bilmək lazımdır ki, dünyanın ən məşhur media orqanlarının əməkdaşlarını son dərəcə sərrast cavablarla susduran, ağzından çıxan hər sözü sanki zərgər tərəzisilə ölçüb, sonra deyən peşəkar diplomat İlham Əliyev nəyi, harada, necə səsləndirməyi əla bilir. AXC-Müsavat hakimyyətinin hər dəfə sərt tənqid olunması əsla bununla bağlı deyil ki, onların bu gü hansısa nüfuzu var və qalıqlarının dediyi kimi, guya prezident onlarla siyasi mübarizə aparır. Qətiyyən. Bu tənqidlər əsla daxili siyasi mübarizə xarakterli deyil. O hökumətin qalıqları bugünkü hakimiyyətə zatən rəqib ola da bilməzlər ki, cənab Prezident onlarla siyasi mübarizə aparmağa ehtiyac duysun. Burada məqsədlər tamam başqadır. Əvvəla, hər dəfə bunu vurğulamaqla dövlət başçımız göstərir ki, birinci müharibədə yenilən Azərbaycan xalqı deyildi. Qalib gələn isə ermənilər olmayıblar - əgər onlar hətta o vaxt belə, bizdən güclü olsaydılar, bunu Naxçıvanda da göstərə bilərdilər. Amma göstərə bilmədilər, çünki Naxçıvanda AXC-Müsavat hökumətinin məğlubiyyət siyasəti yox idi. Və üçüncüsü, mənə elə gəlir ki, bu mesaj daxili auditoriya ilə yanaşı, xaricə, xüsusilə erməni tərəfə ünvanlanıb.

5. Gələcəyin tarixi

Demə Qoq:
- Hmmm... Necə yəni, “erməni tərəfə?” AXC-Müsavatın ermənilərə nə dəxli var?

- O dəxli var ki, Erməni ideologiyasının saxta tarix üzərində qurulduğunu deyəndə II Tiqranın dövrünə boylanmaq lazım deyil, o proses günü bu gün də gedir. Və günümüzdə ermənilər revanş haqqında düşünürlərsə, səbəb həm də odur ki, Birinci Qarabağ Müharibəsində özlərinin qalib gəldiyini düşünərək, elə zənn edirlər ki, su gələn arxa bir də gələr. Onlara başa salmaq lazımdır ki, elə deyil, əslində arxa heç o vaxt da su gəlməmişdi. O vaxt da Azərbaycan xalqını məğlub edən siz deyildiniz! Və yekə bir nida! Məqsəd həm də budur.
Tarixi düzgün qiymət verməyi cari siyasi proseslərlə o şəkildə əlaqələndirmək çox yanlışdır. Onda belə çıxır ki, 1918-ci ildə baş verənləri tənqid edəndə də cənab prezident Cümhuriyyət hökumətilə siyasi mübarizə aparır?

- Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir.

Bir şeyi başa düşmək lazımdır ki, İlham Əliyev sadəcə siyasətçi, sadəcə prezident deyil. Onun fəaliyyətinə vərdiş etdiyimiz daxili siyasi mübarizə məntiqilə yanaşmaq yanlışdıq. O, artıq sübut edib ki, Azərbaycan tarixinə yeni istiqamət verməyi bacaran, buna görə də tarixi qiymətləndirməyə haqqı çatan və bunu Azərbaycan xalqı üçün doğru və ən lazımlı şəkildə edən liderdir. Onun sözlərinə, hrəkətlərinə daxili siyasətin prizmasından verilən bütün qiymətlər yüz faiz səhv olacaq. Normalda siyasətçilərin hər bir sözü və əməli qarşıdakı seçki prizmasından qiymətləndirilir, İlham Əliyev isə artıq elə bir mərtəbədədir ki, onu yalnız ən azı qarşıdakı Böyük Gələcək baxımından dəyərləndirmək lazımdır.

6. Real siyasət və şəbəkə oyunları

Demə Qoq:

- Yaxşı, bəs cənab prezident niyə açıq demir ki, bizə “İsgəndər” raketini kim atıb?
- Sən deyəsən, lap Əli Kərimli ilə eyni ağıldasan e.
- İndi sən bununla kimi təhqir etməyə çalışırsan?
- Əstağfurulla. Heç kimi. Siyasətdən və diplomatiyadan elə də başı çıxmayan orta statistik feysbuk istifadəçisinin belə düşünməsi bəlkə də normaldır. Amma özünə “partiya sədri” deyib, siyasi şərhçiliyə və blogerliyə iddialı olan adam ən azından, bir azca daha dərin fikirləşməlidir axı. Məsələn, Əlli Kərimli ciddi-ciddi yazır ki, niyə Azərbaycanın rəhbərliyi Almaniyanı tənqid edir, amma Rusiyan yox?!

Demə Qoq:
- Burada səhv nədir ki? Maraqlıdır da. Niyə? Nədən qorxuruq?

Burada səhv ondadır ki, bu ağılla verilən sualların cavabı yoxdur. Ola da bilməz. Bunlar idmanın iki ayrı-ayrı növüdür. Məsələn, sən tennisdə vurulan topa boks fəndi ilə cavab verə bilməzsən. Yaxud, futbolda penalti zərbəsini tennis raketkası ilə qaytarmaq olmaz. Eynilə, “Niyə Azərbaycan hakimiyyəti Almaniyanı açıq tənqid edir, Rusiyanı yox” sualına bu sualı qoyan ağlın meydanında, həmin düşüncənin səviyyəsində cavab ver bilməzsən. Çünki bu, real siyasət, real diplomatiya sferasında ciddi düşünən bir beynin ortaya çxıardığı sual deyil. Bu, məhz feysbuk auditoriyasının hisslərini qıdıqlamaq istiqamətində düşünən beynin istehsal etdiyi psevdoarqumentdir.

Demə Qoq
- Pah. Bəs o “real siyasət”, “real diplomatiya” dediyin necə olur ki?

Bir az başqa cür olur. Məsələn, cənab prezidentin hərbi qənimətlər parkındakı çıxışında dediyi bir fikrə diqqət yetirək.

- Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi.

Sirr deyil ki, Ermənistan Qarabağ məsələsinin hələ bitmədiyini iddia edir və deyir ki, onun statusu ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmalıdır. Amma Azərbaycanın prezidenti bildirir ki, torpaqlarımızı işğaldan azad edərkən Minsk qrupuna həmsədrlik edən ölkələrdən vicdansızlıq görmüşük. Vəssalam. Artıq heç nə deyilmir. Amma bu fikrin deyilməyən hissəsinə də qulaq asmaq lazımdır axı. O da budur: Əgər biz Misnk qrupunun həmsədrlərindən vicdansızlıq görmüşüksə, demək, o format bizim üçün bitib. Daha biz onlarla heç nəyi müzakirə edə bilmərik. Dolayısı ilə, “Qarabağın statusu” deyilən məsələnin müzakirəsi üçün hansısa format da yoxdur; yoxdursa, demək, bizim üçün o məsələnin özü də mövcud deyil. Ermənistan isə nə istəyir, qoy danışsın.
Deyilən hər bir sözün böyük hay-küy və reaksiyalar doğurduğu indiki həssas mərhələdə lazım olan mesajları verməyin öz qaydası var. Azərbaycan prezidenti bunu bilir və peşəkar səviyyədə edir.
Ölkə üçün düzgün və doğru olan nə edilməlidirsə, hamısı ediləcək. Sadəcə, səbrli və möhkəm olmaq lazımdır. Möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti