Azərbaycan həqiqətləri UNESCAP platformasında - Prezidentdən mühüm təşəbbüs

 Azərbaycan həqiqətləri UNESCAP platformasında -  Prezidentdən mühüm təşəbbüs
  26 Aprel 2021    Oxunub:3475
Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 77-ci sessiyası öz işinə başlayıb.
"Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən sessiyada Prezident İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Azərbaycanın Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən ölkə başçısı çıxışında ötən il erməni işğalına son qoyulduğunu diqqətə çatdırıb.

“İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb”-, deyən Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamənin heç vaxt Ermənistan tərəfindən icra edilməyini xatırladıb.

Ölkə başçısı bununla bağlı tərəfdaş ölkələrə mühüm çağırış edərək deyib: “Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib”.

Prezidentin vurğuladığı kimi, Ermənistana indiyədək təzyiqlər göstərilməyib, əməllərinin cəzasız qaldığını görən erməni hərbi-siyasi rəhbərliyi xalqımıza qarşı dəfələrlə soyqırımı cinayətləri törədiblər. Bu gün qondarma 24 aprel iddiaları irəli sürən və bunun bütün dünya tərəfindən qəbul edilməsinə çalışan Ermənistan beynəlxalq tribunalarda soyqırımına məruz qalan deyil, soyqırımı siyasəti yürüdən ölkə kimi təqdim edilməlidir. Prezident İlham Əliyev BMT platformasında bu həqiqəti dünya ictimaiyyətinə bir daha çatdırdı və erməni faşizminin əsl simasını ifşa etdi. Ölkəmizin lideri, həmçinin növbəti dəfə beynəlxalq tribunadan Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatdığını diqqətə çatdırdı.

Ötən il Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi, Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşan 44 günlük müharibə İrəvanın yeni ərazi iddialarına, yeni işğal planlarına birdəfəlik son qoymuş oldu. İşğalçı ölkənin ordusu havadarlarına arxayın olaraq ardıcıl təxribatlar törədirdi ki, bunun da məntiqi nəticəsində əks-hücum əməliyyatları ilə torpaqlarımız əzəli sahibinə qaytarıldı. Təəssüf ki, Vətən müharibəsi dövründə də erməni vandalizmi yenə iş başında idi. 44 gün ərzində Ermənistan yaşayış məntəqələrini, dinc vətəndaşları hədəfə götürdü, mülki vətəndaşlarımızı qətlə yetirdi.

Belə dəhşətli cinayət əməlləri beynəlxalq qanunlar və konvensiyalarla qəti şəkildə pislənilir və müharibə cinayəti kimi qəbul olunur. Bu baxımdan hazırda Azərbaycanın təklif etdiyi beynəlxalq qanunların işlək hala gətirilməsi ilə bağlı mexanizmlər öz aktuallığını qoruyur və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyini önə çəkir.

Qeyd edək ki, Azərbaycan Prezidenti videomüraciətində beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsi, ümumilikdə erməni işğalına son qoyulması, beynəlxalq hüququn işlək hala gətirilməsi kimi məsələlərə çəkməklə yanaşı, regionun gələcək inkişaf planlarından da söz açdı.

Zəngəzur dəhlizi yeni əməkdaşlıq imkanları açır

Prezident çıxışında qeyd etdi ki, hazırda Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacağını söyləyən dövlət başçısı, dost ölkələrin şirkətlərini işğaldan azad edilmiş, dörd dəfə Lüksemburqdan böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət etdi.

“Bu yaxınlarda mən növbəti on il üçün iqtisadi-sosial inkişafla bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir. Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm tövhə verib. Hazırda biz Azərbaycan üzərindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbacana Avrasiyanın nəqliyyat və loqistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”- , deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

Bu gün nəinki region ölkələri, ümumilikdə bütün dünyada Zəngəzur nəqliyyat dəhlizinin potensialı yüksək qiymətləndirilir. Prezidentin Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələrini Zəngəzur dəhlizinin potensialını nəzərdən keçirməyə dəvət etməsi dünyaya ciddi mesaj sayıla bilər. Çünki Azərbaycan əvvəlki illərdə olduğu kimi bu gün də regionda böyük layihələrin reallaşdırılmasında aparıcı qüvvə olaraq Asiya ilə Avropanı bir-birinə iqtisadi tellərlə bağlamağa hazırdır. Ölkəmizin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi istər Avropa, istərsə də Asiya ölkələri üçün geniş perspektivlər vəd edir və iqtisadi əlaqələrin şaxələndirilməsində böyük rol oynaya bilər.

Bundan əlavə, Prezident çıxışı zamanı Azərbaycanın pandemiya dövründə belə inkişaf etdiyini, dünyanın qarşılaşdığı bu ağır sınaqdan üzüağ çıxmağı bacardığını sessiya iştirakçılarının nəzərinə çatdırdı: "COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır".

Bu, bir həqiqətdir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı həm milli, həm beynəlxalq səviyyədə fəal mübarizə aparan ölkələrin ön sırasında yer alır. Son bir ildə rəsmi Bakı pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə dair mühüm səylər göstərdi ki, bunu xüsusilə vurğulamaq lazımdır. Hətta Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edərək, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Onu da vurğulayaq ki, ölkə başçısı zaman-zaman dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüslər irəli sürür və bu istiqamətdə fəal iş aparır. Buna nümunə olaraq BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasının ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamənin yekdilliklə qəbul edilməsinin təşəbbüskarı olmasını göstərmək olar.

““Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib”, - deyən Prezident İlham Əliyev bugünkü çıxışında dünyanın əksər ölkələrini narahat edən problemi növbəti dəfə beynəlxalq gündəmə gətirdi. Dövlət başçısı bununla bir daha göstərdi ki, Azərbaycan imkansız ölkələrin problemlərinə də biganə qalmır, onların vaksinlə təmin olunması üçün var gücü ilə mübarizə aparır.

Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəsi dünyanın bir çox ölkələri tərəfindən təqdir olunur. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı dünya ölkələrinə nümunə göstərərək, Prezidentin rəhbərliyi ilə görülən işlərə yüksək qiymət verib. Bu da ondan xəbər verir ki, ölkəmizdə COVİD-ə qarşı ilk gündən düzgün hesablanmış strategiya həyata keçirilir.

Sonda məlumat üçün qeyd edək ki, Azərbaycan liderinin mühüm təşəbbüslərlə çıxış etdiyi UNESCAP platformasının əsası 1947-ci ildə Şanxayda qoyulub. O zaman Asiya və Uzaq Şərq üçün İqtisadi Komissiya adlanan təşkilatın məqsədi müharibədən sonrakı iqtisadi yenidənqurma işinə kömək etmək olub. 1949-cu ildə təşkilatın qərargahı Banqkoka köçürülüb. Həm inkişafın iqtisadi, həm də sosial aspektlərini və üzv ölkələrin coğrafi yerini əks etdirmək məqsədilə təşkilatın adı 1974-cü ildə hazırki varianta dəyişdirilib. UNESCAP-ın ümumi məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə üstünlük verməklə, Asiya-Sakit Okean bölgəsində əhatəli və davamlı iqtisadi və sosial inkişafı təşviq etməkdir. Azərbaycan daxil olmaqla 53 üzv dövlət və 9 assosiativ üzvü olan UNESCAP ən böyük regional hökumətlərarası platformalardan biridir. Sözsüz ki, Azərbaycan həqiqətlərinin belə ali tribunadan səsləndirilməsi ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da gücləndirilməsinə təkan verir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Pandemiya   BMT   İlham-Əliyev   UNESCAP  





Xəbər lenti