“Parkovşik”lərin arxasında himayədarlar var” - BNA sədri

  28 Aprel 2021    Oxunub : 5946
 “Parkovşik”lərin arxasında himayədarlar var” -  BNA sədri
"Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə-belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, dəymiş zərər qarşılanmır.

"Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parklanmada duran kəsə BNA tərəfindən vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib".

V.Kərimli qeyd edib ki, parklanma məsələsi qaldırılanda fərqli kanallar, istiqamətlərdən qara piar aparırlar: "Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investisiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik".

BNA sədri əlavə edib ki, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək.

"Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək və "parkovşik" məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: BNA