“Ayvazyanla yanaşı iki nazir müavini və 6 səfir də istefa verib” - Qabrielyanov

 “Ayvazyanla yanaşı iki nazir müavini və 6 səfir də istefa verib” -  Qabrielyanov
  28 May 2021    Oxunub:875
Ermənistanda diplomatik böhran yaranıb.
Azvision.az xəbər verir ki, Rusiyanın media maqnatlarından sayılan Aram Qabrielyanov İrəvanda müşahidə edilən siyasi böhrandan danışarkən bəzi diplomatların artıq mövcud hakimiyyətlə çalışmaq istəmədiyini deyib. Belə ki, Qabrielyanov xarici işlər naziri Ara Ayvazyanın istefa verməsinə səbəb kimi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyini göstərib. O iddia edib ki, Ayvazyan millətə xəyanət edən şəxslə işləməyəcəyini söyləyib.

"Ayvazyanın iki müavini də bu gecə istefa verdi. Həmçinin, Ermənistanın bir sıra əsas ölkələrdəki səfirləri Paşinyanla işləməkdən qəti şəkildə imtina ediblər. Bunlar ABŞ, Fransa, Rusiya, Avropa Birliyindəki nümayəndə, Almaniya və Avstriyadakı səfirlərdir. Onlar artıq istefa veriblər",- deyə Qabrielyanov iddia edib.

Qabrielyanov başqa bir açıqlamasında isə deyib ki, Ayvazyanın müavinlərinə və ümumilikdə bütün səfirlərə ciddi təzyiqlər göstərilməyə başlanılıb. "Yalnız bu şəxslərə qarşı deyil, həm də onların ailə üzvlərinə qarşı təhdidlər edilir. Paşinyanın ayaqları altındakı torpaq onsuz da alışıb yanır və o, hər cür alçaldılmağa hazırdır. Paşinyana yaxın mənbələrə görə, o, bütün təhlükəsizlik işçiləri arasında isteriya yaradır və Xarici İşlər Nazirliyinin işçilərinə təzyiq tələb edir".

Qeyd edək ki, Ara Ayvazyan dünən istefa verib. Bu barədə məlumat verən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan istefanın səbəblərini açıqlamayıb.

Xatırladaq ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 2020-ci ilin 18 noyabr tarixində təyin edilmişdi. Onun hökumət daxilindəki çəkişmələrlə əlaqədar istefa verdiyi ehtimal olunur.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   İstefa   Paşinyan   Səfir  





Xəbər lenti