Makronla Lavrovun çıxışındakı əsas konseptual fərq ondan ibarət idi ki, birincisi öz ölkəsinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın dialoqunun, ikincisi isə birbaşa dialoqun tərəfdarı kimi çıxış edirdi. Yəni mina xəritələrinin müqabilində diversantların azad edilməsi formulunun reallaşması tamamilə mümkündür, sadəcə, Fransanın əsas məqsədi problemin həllindən daha çox Azərbaycanla Ermənistanın birbaşa dialoqunun qurulmasına nail olmaqdır ki, Rusiyanın vasitəçi kimi rolu azalsın və regiondakı təsiri zəifləsin. Makronun həm Rusiya, həm Azərbaycanın maraqlarına cavab verən balanslaşdırılmış mövqe sərgiləməsi Parisin ATƏT-in Minsk qrupunun həmsədri kimi Cənubi Qafqazdakı proseslərə müdaxilə mandatını əldə etməyə çalışması ilə bağlıdır.
Paşinyan: “Qarabağ yalnız Azərbaycanın ola bilərdi” |
Fransa ənənəvi olaraq, Rusiya ilə ABŞ arasında vasitəçi rolunu üstünə götürdüyü üçün, Cənubi Qafqaza dair məsələlərdə də bu işi görməyə can atır. Bu gedişlər qondarma “soyqırım”ı tanımış Amerika prezidenti Co Bayden administrasiyasının maraqlarına uyğundur. ABŞ-ın regiona hansısa formada müdaxilə edəcəyi və Rusiya ilə bu məsələdə müəyyən “alver”inin olacağı şübhəsizdir. Önəmli olan bu proseslərin kimin vasitəçiliyi ilə baş tutmasıdır ki, hazırki məqamda Fransa Türkiyənin bu rolunu əlindən almağa çalışır.
Əslində Fransa ilə Türkiyə arasında regional nüfuz uğrunda mübarizə gedir. Necə ki, bu mübarizə Liviyada gedirdi, hazırda da Ukrayna və Cənubi Qafqazda getməkdədir.
Paşinyan bu reallıqları nəzərə alaraq, Parisə gedib və ilk məqsədi seçkiöncəsi Qərbin siyasi dəstəyini almaqdır. Təbii ki, siyasi dəstək müqabilində Paşinyan Qərbin regiona müdaxiləsi üçün şərait yaratmalıdır. Sərhəd bölgəsində yaranmış qarşıdurmanın aradan qaldırılması üçün Rusiya ilə bərabər, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransanın müşahidəçilərinin bu zonaya yerləşdirilməsi təklifi əslində regiona müdaxilə üçün Yerevan tərəfindən Qərbə uzadılmış saman çöpüdür. Makronun “Azərbaycanın hərbi qüvvələri geri çəkilməlidir” kimi sərsəm bəyanatı dünya icmasında bölgədə hansısa konfliktin mövcudluğu rəyini formalaşdırmaq üçün söylənmiş fikirdir ki, sonrakı mərhələdə onun həlli üçün ATƏT-in Minsk qrupu regiona müdaxilə etsin.
Sərhəddəki diversiyalar rusiyayönümlü Koçaryanın tərəfdarlarının əlilə hazırkı hakimiyyətin Azərbaycanın qarşısında acizliyini nümayiş etdirmək üçün təşkil olunurdusa belə, Paşinyanın buna cavab olaraq ABŞ və Fransanı regiona dəvət etməsi ruspərəstlərin planlarını pozdu. Ermənistanın sərhədləri Rusiyanın nəzarətindədir və bu əraziyə NATO üzvlərinin müdaxiləsi qətiyyən Moskvanın ürəyincə deyil. Paşinyanın məlum bəyanatından sonra sərhəd zonasındakı diversiyaların müəyyən qədər səngiməsi bununla bağlı ola bilər.
Paşinyanın məhz seçki qabağı Parisə səfərinin əsas məqsədlərindən biri Qərbin siyasi dəstəyindən başqa, həm də, hərbi dəstəyini də almaq istəyilə bağlıdır. Rusiyanın seçkinin nəticələrilə barışıb-barışmayacağı hələ ki, qeyri-müəyyən olaraq qalır. Paşinyanı narahat edən əsas məqam budur. Ermənistan daxilində hərbi bazası olan Rusiya istənilən vaxt ölkədə hərbi çevriliş törədə, yaxud, hakimiyyəti özünə uyğun dəyişmək üçün proqnozlaşdırılmayan addım ata bilər. Paşinyan bu addımlardan özünü sığortalamaq üçün tələsik Makronun qəbuluna gedib ki, müəyyən hərbi dəstək ala bilsin. Makronun hərbi dəstək üçün BMT-nin qətnaməsinin tələb olunduğunu bildirməsi Parisin diplomatik imtinası idi. Ancaq bununla belə, Parisin bu məsələni Vaşinqtonla müzakirə edəcəyi şübhəsizdir və 16 iyunda baş tutacaq Bayden-Putin sammitində Amerika prezidentinin Yerevanın mövqeyini müdafiə edəcəyini gözləmək olar.
Paşinyanın Paris səfərinin seçki öncəsi təbliğat baxımından da ciddi əhəmiyyəti var. Baş nazir əvəzi elə bir təəssürat formalaşdırmağa çalışır ki, guya dünya liderləri artıq onu Ermənistanın lideri kimi tanıyır, qəbul edir və bu da vətəndaşın seçimində öz təsirini göstərəcək. Eyni zamanda, bu səfərlə Paşinyan Avropaya inteqarasiya ümidlərilə qovrulan orta statistik erməniyə rusyayönümlü Koçaryanın vəd edə bilmədiyi ümidləri vəd edir.
Tofiq Vahid
Azvision.az
Müəllifin əvvəlki yazıları:
Putin-Bayden görüşü: Güney Qafqaza da yer tapılacaq – TƏHLİL
Zərif diplomatiya: İranın xarici işlər naziri bölgəyə niyə gəlib? – TƏHLİL
Göldə kəsişən geosiyasi maraqlar – TƏHLİL