Dövlət-din münasibətlərində Azərbaycan örnəyi

  12 İyun 2021    Oxunub :630
Dövlət-din münasibətlərində Azərbaycan örnəyi
Dövlət-din münasibətləri çox incə və həssas məsələdir. Ölkəmizdə bu istiqamətdə düşünülmüş və ardıcıl siyasətin yürüdülməsi 2001-ci ilin 21 iyununda - Azərbaycan Respublikası Prezidentinin 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə başlayıb. Fərmanda komitənin vəzifələri aydın qeyd edilirdi: Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olması, dövlət-din münasibətlərinin tənzimlənməsi, ənənələrin qorunması, Konstitusiyasının müvafiq maddəsinə uyğun şəkildə dini etiqad azadlığının, dözümlülük və tolerantlığın təmin edilməsi...
“Dövlət və din” deyiləndə ilk yadıma düşən Milli Lider Heydər Əliyevin 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra Azərbaycana qayıdarkən Təzə Pir məscidini ziyarətini əks etdirən foto olur. O fotoda Dövlət və Din yanaşıdır. Bir-birindən güc alır və bir-birinə güc verirlər. Bu şəkildə bağlılıq sonrakı illərdə Azərbaycanda dövlət-din münasibətlərinin əsasında dayanan mənəvi prinsiplərdən birinə çevriləcəkdi.



Təzə Pirdəki çıxışında Heydər Əliyev bəyan etmişdi: “Biz bir dövlət kimi müstəqil Azərbaycanda İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının ən yüksək mənəviyyat mənbəyidir”.
Ulu öndərin sonrakı addımları deyilənlərin təsdiqi oldu. O illərdə ölkənin iqtisadi imkanlarının xudmaniliyinə baxmayaraq, Ulu Öndər Bibiheybət məscidinin bərpası ilə bağlı göstəriş verdi və hazırda bu məscid ölkəmizdəki ən əzəmətli dini ibadət ocaqlarından biridir. Həmin tarixdən başlanan dini–mənəvi irsin dirçəldilməsi yolu bu gün də davam edir.

Prezident İlham Əliyevin dini ibadət yerlərinə xüsusi isti münasibəti, məscidlərin, dini komplekslərin tikintisinə önəm verməsi, neçə-neçə yeni məscidin inşası mənəviyyatımızın özülünün daha da möhkəmlənməsinə xidmət edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda dövlət-din münasibətləri rəsmi sənədlərdən daha artıq ölkəmizdəki ənənələrin möhkəm bünövrəsi üzərində dayanır.

Dinlərə sayğı həm də vətəndaşa sayğıdır

“Azərbaycanda necə bir dini mühit hakimdir” sualına ən dolğun cavabı Prezident İlham Əliyevin çıxışlarındakı fikirlərə istinad etməklə verə bilərik: “Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Çoxları, o cümlədən, “Heydər məscidi” mənim göstərişimlə yenidən tikilib. Digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir”.

Əlbəttə ki, söhbət təkcə İslamdan getmir: “Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır... Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir olunan kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur”.



Qələbə ilə başa çatmış 44 günlük Vətən Müharibəsindən sonra cənab Prezident azad edilmiş torpaqlara demək olar, hər səfərində mütləq hansısa məscidi, kilsəni, monastırı ziyarət edir. Onların təmiri, bərpası barədə göstərişlər verir. Bu ziyarətlər zamanı hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz. Cənab Prezident də, ölkənin birinci xanımı Mehriban Əliyeva da məscidlərə hansı həssaslıq və sayğı ilə yanaşırlarsa, eyni münasibəti kilsə, monastır, sinaqoqlara münasibətdə də sərgiləyirlər.
Prezident və Birinci Xanımın Şuşadakı Yuxarı Gövhər Ağa, Ağdamdakı Cümə məscidlərinə ayaqqabılarını çıxararaq daxil olmaları, cənab Prezidentin Məkkədə ona hədiyyə edilmiş müqəddəs Qurani-Kərimi Ağdam məscidinə bağışlaması, Qəbələdəki iki qədim monastırı da eyni dərin sayğı ilə ziyarət etmələri, Mehriban xanmın ziyarət əsnasında baş örtüyündən istifadə etməsi və monastırların dövlət hesabına təmir və bərpa olunacağının bildirilməsi - bu mənzərə ölkəmzdə dövlət-din münasibətlərinin bütün mahiyyətini aşkar göstərir.

Bizi fərqləndirən cəhət: Səmimilik

Azərbaycanda əhali arasında dini ayrı-seçkilik yoxdur. Müsəlman birisi qeyri-müsəlmana basqı etmir. Mən bunu ailəmizdə görmüşəm. Qonşuluğumuzda Lida xala adlı rus qadın yaşayırdı. Anam Novruz bayramında həmişə ona pay ayırardı. O da bizi Pasxa bayramında pravoslav rusların bişirdiyi ənənəvi şirniyyatlara qonaq edərdi. Ailələrimiz arasında belə səmimi, mehriban bağlantı vardı. Ayrı-ayrı dinlərə mənsub insanlar arasında bu cür səmimi dostluğa, mehribanlığa çox az ölkədə rast gəlmək mümkündür.

Dövlət siyasəti adətən, hər yerdə eyni olur. Sözdə “Hamının hüququ eynidir, kimsəyə qarşı ayrı-seçkilik yoxdur, kimsə nəyəsə məcbur edilmir”, deyirlər, qanunlarda da bunlar əksini tapır. Lakin praktikada bərabərlik gözlənilmir. Bir ölkədə dözümlülük, başqasının ənənəsinə hörmət, bütün dinlərə sayğı formalaşmayıbsa, bu, özünü mütləq haradasa biruzə verir. Misirdə təhsil alarkən bunun şahidi olmuşam. Digər tələbə yoldaşlarla birlikdə yataqxanada yaşayırdım. Misir küçələrini gəzəndə, bu qədim ölkənin füsunkarlığına tamaşa edəndə düşünmürsən ki, kiməsə münasibətdə dini ayrı-seçkilik edilə bilər. Misirin paytaxtı Qahirədə görünüşü insanı valeh edən məscidlər var, onlarla yanaşı, kilsələr də ucalır. Qahirənin əl-Fustat adlanan bölgəsində Əbu Sayfeyn kilsəsi ilə Əmr ibn As məscidi yanaşıdır. Sinay yarımadasında da Müqəddəs Yekaterina kilsəsinin tam yanında Fatimi məscidi yerləşir. Qahirənin yaxınlığındakı Giza bölgəsində əl-Umraniyə küçəsində Xatim Mursilin kilsəsinin yanında eyni adda məscid də var. Qahirədə Qibti kilsəsinə bağlı misirlilər, katolik və protestant məzhəblərinə məxsus xristianlar, yəhudilər yaşayırlar. Bu vəziyyətdə Misir də tolerant bir ölkə olsun gərək. Amma, enli küçələrdən, dar küçələrə, mərkəzdən nisbətən kənarlara çəkildikcə, mənzərənin dəyişdiyini görürsən. Məsələn, biz tələbələrin qaldığı yataqxananın bəzi sakinləri digərlərinin də onlar kimi ibadət etməsini, onlar kimi geyinmələrini istəyir və bəzən bunu açıq bildirirdilər. Düzdür, bu, tələb şəklində deyildi. Lakin istənilən halda insan üzərində bir basqı hiss edirdi və bu da birgəyaşayışı mümkünsüz hala gətirirdi.
Bakıda bir müsəlmanın xristiana, yəhudiyə, hətta bizə qarşı soyqırım törətmiş ermənilərə dini zəmində ayrı-seçkilik nümayiş etdirməsini ağla gətirmək olmur.

“Azərbaycan dövləti məscidləri də təmir etdirir, kilsələri də

Prezident İlham Əliyev Şuşaya ilk səfərlərinin birində qədim Qazançı kilsəsinin təmir edilməsinə dair göstəriş vermişdi. Ölkə başçısının bu addımı Azərbaycanda dini tolerantlığın, dövlət-din münasibətlərinin ən yüksək səviyyədə təzahürüdür. Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu hesab edir ki, Şuşada aparılan bərpa və yenidənqurma işlərinin məscidlərlə yanaşı qeyri-islam abidələrini də əhatə etməsi Azərbaycan dövlətinin və xalqının tolerantlığına əyani sübutdur: “Azərbaycanda vətəndaşlarının dini etiqad azadlığı onlara tanınan Konstitusion hüquqdur. Bu gün dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Biz Azərbaycanın multikultural ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olmasını və onların birgəyaşayış qaydası, yaxud həyat tərzi olduğunu ifadə edirik. Ona görə də “Qazançı” kilsəsinin təmir olunması və ibadətə hazır vəziyyətə gətirilməsi ölkəmizin dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricisidir. Bu, məsələnin yalnız bir tərəfidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristian dini abidələrinin əksəriyyəti başqa bir xalqa deyil, elə bizim xristian əcdadlarımıza mənsubdur. Axı biz 4-7-ci əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu, bizim qüsurumuz deyil, tam əksinə, dinə mütərəqqi yanaşmamızdır. 4-cü əsrdə İslam mövcud deyildi. Ona görə də, biz dini ideologiya kimi xristianlığı mənimsəmişik. 650-ci ildən sonra isə İslam dinini qəbul etdik. Hazırda adından da göründüyü kimi, “Qazançı” kilsəsi xristian türklərin, yəni xristian əcdadlarımızın bizə qalan mirasıdır. Sonralar haylar Azərbaycana köçürülərkən bizim xristian abidələrimizi özünküləşdirməklə dini tariximizi də saxtalaşdırdılar. Ona görə, əslində biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa edərək göstərir, həm də xristian mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq. Qoy, fərqli mədəniyyətləri xor görənlərə bu, bir dərs olsun”.
Hesab edirəm ki, dövlət və din münasibətlərinin mükəmməl vəhdətini görmək istəyənlər Azərbaycana nəzər salsalar, yetərli olar.

Törəxanım Zeynallı
Azvision.az

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Teqlər:






Xəbər lenti