Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL

   Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir –    TƏHLİL
  19 Oktyabr 2021    Oxunub:3299
Dövlət başçımızın 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı yaranmış yeni situasiyada yerində imzalanmış və böyük əhəmiyyət daşıyan bir sənəddir. Sənəddə irəli sürülən tələblərin hökumət tərəfindən icrası həm iqtisadiyyatda bərpa prosesinin sürətlənməsini təmin, həm də ölkə vətəndaşlarının bununla ayaqlaşmasına ən yüksək səviyyədə yardım edəcək.
Bu il ölkədə sosial istiqamətdə heç bir artım həyata keçirilməyib. Çünki əvvəla, iqtisadiyyatımız tənəzzüldən may ayında qurtuldu, ikincisi də, bu il üçün vəziyyət, ümumiyyətlə təxmini proqnozlaşdırılmışdı. O səbəbdən ki, qeyri-müəyyənlik davam edirdi və bu gün də vəziyyət əslində tam aydın deyil. Lakin buna rəğmən, gələn il üçün əhalinin sosial müdafiəsini gücləndirmək və gəlirlərini artırmaq istiqamətində müəyyən addımlar atmaq vacib sayılır.

Prezidentin sərəncamında da qeyd edilib ki, 2021-ci ildə ölkəmizin iqtisadiyyatı COVID-19 pandemiyasının ona vurduğu zərərləri geridə qoyaraq, sürətlə bərpa olunur. İqtisadi fəallığın bu cür bərpası bütün istiqamətlər üzrə tələbin artması ilə nəticələnir. Ancaq təklifi yaradan güclər pandemiya şəraitində xeyli müddət basqı altında qaldıqlarından, adekvat cavab verə bilmirlər. Yəni, tələbin genişlənməsi ilə ayaqlaşmırlar. Ona görə də, ortada ciddi bahalaşma var. Bu, dünyada da belədir, ölkəmizdə də. İl başlanandan bəri davam edən bu bahalaşma səngimək bilmir və getdikcə genişlənir. Çünki startını dünya bazarlarından götürür. Və rəvan şəkildə hər bir ölkənin daxilinə, istehlak bazarlarına, o cümlədən, bizə sirayət edir. Bizə daha sürətlə sirayət edir, çünki ən çox istehlak olunan məhsullar üzrə idxaldan asılı vəziyyətdəyik.

Odur ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı vacib edir. Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb. Ancaq məsələnin elə ikinci tərəfi də məhz bundan irəli gəlir. Belə ki, ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan son illər sırasında 2019-cu il xüsusən seçildi və yadda qaldı. Həmin ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata qalxdı. Birinci göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.


Müəllifin əvvəlki yazıları:
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Ümumiyyətlə, müavinət və təqaüdlər orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin əməkhaqları isə orta hesabla 50 faiz artdı. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində isə 2 dəfə artım qeydə alındı.

Buna necə nail olundu? Həmin ildə ölkədə sayca 300-ə yaxın vergi dəyişiklikləri işə salındı, büdcəyə yığım proseduru və mexanizmi dəyişdirildi, iqtisadiyyatda, xüsusən onun real sektorunda şəffaflaşma prosesi yeni xüsusiyyət kəsb etdi və buna bir növ yeni tərzdə start verildi, idarəetmədə böyük struktur və kadr islahatları həyata keçirildi. Nəticədə də sosial istiqamətdə xərclər artmaqla yanaşı, ilin yekununa dövlət büdcəsinə vergi və gömrük xəttilə planlaşdırılandan 1 milyard manat əlavə vəsait daxil oldu.

Proses pandemiya şəraitinə baxmayaraq, keçən il də davam etdi. Sözün qısası, gəlirləri artırmaq üçün hər cür şərait və imkan var. Həm cari ilin dövlət büdcəsi ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub və olaraq da qalır. Demək, 2019-cu ildə olduğu kimi, gələn il də artımlara getmək və sosial xərcləri maliyyələşdirmək üçün imkan var. Ümumiyyətlə, büdcəyə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbə sayılır.

Yeri gəlmişkən, qeyd oluna bilər ki, Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətlərini artırılması qərarının ardınca Prezidentin əhalinin gəlirlərinin yüksəldilməsi haqda verilən Sərəncamı bazarda qiymətlərin əlavə olaraq qalxmasına təsir göstərəcək. Lakin bahalaşma onsuz da var və təkrar edirəm, il başlanandan bəri davam edir. Tarif Şurasının qərarı ilə Dövlət başçısının sərəncamının istehlak bazarında katalizator rolu oynamaması üçün növbəti ildə də büdcəyə proqnozlaşdırılan gəlirlər və o cümlədən, qeyri-neft sektorundan vergilər artıqlaması ilə təmin edilməli və iqtisadi yüksəliş dayanıqlı olmalıdır. Buna isə iqtisadiyyatda şəffaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühitini təşkil etmədən nail olmaq mümkün deyil. Bu məsələlərin həlli islahatları davam etdirməkdən keçir. Başqa çıxış yolu yoxdur!..


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL


Teqlər: Sosial-paket   Artım   İslahat  





Xəbər lenti