Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama

   Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama
  01 Noyabr 2021    Oxunub:914
Açılan naməlum şəhid məzarları adətən I Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Bunun bir hissəsi Moskvada ekspertiza institutlarında həyata keçirilir. AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib.
O bildirib ki, ekspertizanın bir hissəsinin nəticələri məlumdur, digərləri isə davam edir: "Bu, asan iş deyil. Çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir".

X.Vəliyev qeyd edib ki, işin həcmi böyük olsa da, proses davam edir, nəticələr də var: "Vətən müharibəsində təəssüf ki, bir sıra hallarda müəyyən qeydə almalar düzgün şəkildə icra olunmamışdı. Bu səbəbdən II Qarabağ müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Naziriyi Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çox saylı işlər aparılıb. 3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşdümşdü. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir".

Hərbi prokuror bildirib ki, bu işə artıq Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi də cəlb olunub: "Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyən edərək yaxınlarına təhvil verə bilək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Şəhid  





Xəbər lenti