Ankaradan "S-400" təkzibi

İncirliklə bağlı yayılan şayiələrdə məqsəd nədir?

 Ankaradan "S-400" təkzibi
  04 Noyabr 2021    Oxunub:1025
"“S-400" zenit-raket komplekslərinin İncirlik bazasında yerləşdirilməsi barədə şayiələr əsassızdır”. Türkiyənin müdafiə nazirliyindəki mənbə “Daily Sabah” agentliyinə müsahibəsində belə deyib.
AzVision.az xəbər verir ki, bundan bir qədər əvvəl “Sky News Arabia” saytı “S-400” sistemlərinin Adanada ABŞ və NATO qüvvələrinin istifadə etdikləri “İncirlik” bazasına gətirildiyi barədə sensasion açıqlama vermişdi.

Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini alması Ankara-Vaşinqton münasibətlərinin kəskinləşməsinə səbəb olub. Ankaranın Moskvadan bu əsas silah növünü alacağı təqdirdə ABŞ Türkiyəni ona qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələdi.

“S-400” sistemlərinin Rusiya tərəfindən F-35 təyyarələri barədə məxfi məlumatların toplanması üçün istifadə ediləcəyindən ehtiyatlanan Vaşinqton bu zenit-raket komplekslərinin həm də NATO sistemləri ilə uzlaşmadığını da bildirdi.

Türkiyə isə “S-400” komplekslərinin NATO sisteminə inteqrasiya olunmayacağını və alyans üçün heç bir təhlükə yaratmadığını iddia edir.

Bu reallıqlar fonunda “S-400” sistemlərinin “İncirlik” bazasına gətirildiyi barədə məlumatın yayılmasının hansı məqsədlər güddüyü barədə çox məntiqli sual yaranır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İncirlik   S-400  





Xəbər lenti