Paşinyanın soçiqabağı "noyabr tezisləri" - TƏHLİL

// Ermənistanın baş naziri hansı mesajları vermək istəyib?

 Paşinyanın soçiqabağı "noyabr tezisləri" -  TƏHLİL
  25 Noyabr 2021    Oxunub:3292
2020-ci il noyabrın 9-10-da kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalan Ermənistanın baş naziri Nikol Paşinyan ötən bir il ərzində üçtərəfli Bəyannamənin müddəalarını yerinə yetirməkdən boyun qaçırmaq üçün müxtəlif bəhanələrə əl atıb. Onun manipulyasiya cəhdləri daha çox Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistanın baş naziri bir ildən çoxdur ki, üçtərəfli Bəyannamənin müddəaları ilə bağlı bir-birinə diametral şəkildə zidd olan bəyanatlar səsləndirir.
“Facebook” səhifəsi vasitəsilə keçirdiyi onlayn mətbuat konfransında Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının qəti şəkildə əleyhinə çıxdığını deyən Paşinyan üçtərəfli Bəyannamədə, xüsusilə də onun 9-cu bəndində “dəhliz” ifadəsinin işlədilmədiyini, bu ifadənin yalnız Laçın dəhlizinə münasibətdə qeyd olunduğunu bildirib. Əvvəla, nəzərə çarpan budur ki, erməni ənənəsinə sadiq qalan Paşinyan məsələnin mahiyyətini formal mübahisələrlə ört-basdır etməyə, başqa sözlə desək, sofistika ilə məşğul olmağa çalışır. Bu mənada siyasətçi və dövlət başçısı kimi yox, dilçilik üzrə mütəxəssis kimi çıxış edir, özü də çox primitiv şəkildə.

İkincisi, Ermənistanın Laçın dəhlizi vasitəsilə Qarabağdakı ermənilərlə əlaqə imkanı qazandığı kimi, Azərbaycanın da Ermənistan ərazisindən keçməklə Naxçıvana çıxış alacağını bir müddət əvvəl elə Nikol Paşinyanın özü parlamentdə açıqlamışdı. Əgər Paşinyan "istənilən dəhlizin" əleyhinədirsə, onda zəhmət çəkib göstərsin ki, Azərbaycan Ermənistan ərazisinin hansı hissəsindən keçməklə Naxçıvanla əlaqə yaradacaq? Əks halda belə bəyanatla Paşinyan özü-özünü inkar edir!

Üçüncüsü, 2020-ci il 9-10 noyabr üçtərəfli Bəyannaməsində Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsinin təmin edilməsi müddəası öz əksini tapdığı halda, “Laçın dəhlizi”nə münasibətdə belə qeyd yoxdur.

Paşinyanın digər sərsəm iddiası “Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” kimi terminləri Azərbaycanın uydurduğunu və bununla Ermənistana qarşı iddiaları irəli sürdüyünü söyləməsidir. Ötən ilin fevralında Azərbaycan prezidentinin Münhen Təhlükəsizlik konfransı çərçivəsində Nikol Paşinyanı tarixi-coğrafi və siyasi kontekstdə xurd-xəşil etməsindən sonra erməni baş nazirin belə bəyanatları onun həqiqətən də qeyri-adekvat adam olduğundan xəbər verir. Çünki belə çoğrafi adların olmadığını iddia etmək əslində yalnız Azərbaycana yox, bütün dünyaya meydan oxumaq deməkdir. Digər tərəfdən isə, əgər Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürsə idi rəsmi Bakı sərhədlərin tanınması məsələsində bu ölkələrin BMT-yə daxil olduqları ərazilərin əsas götürülməsinin vacibliyini dəfələrlə vurğulamazdı.

İqtisadi səmərəlilik baxımından Zəngəzur dəhlizinin açılmasının uzun illərdir ki, bütün əhəmiyyətli regional layihələrdən təcrid olunmuş ac-yalavac Ermənistanın maraqlarına cavab verdiyini rəsmi İrəvan və revanşist qüvvələr heç cür anlamaq istəmirlər. Daha doğrusu, anlasalar belə, təcavüzkar xislətlərini heç cür boğa bilmirlər. İrandan keçməklə və hava yolları vasitəsilə Naxçıvanın blokada vəziyyətindən çıxarılması məsələsi çox-çox bundan əvvəl həllini tapıb. Bu müstəvidə Naxçıvanın Türkiyə və İranla həmsərhəd olması da rolunu oynayıb. Ermənistan belə imkanlara malikdirimi? Xeyr. Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan, neçə illər idi ki, Ermənistanın qeyri-qanuni şəkildə İranla nəqliyyat əlaqəsi qurduğu Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurdu. Rəsmi Bakının beynəlxalq hüquq çərçivəsində atdığı bu addımın cavabında Ermənistan rəhbərliyi öz vətəndaşlarına alternativ Şinuayr-Tatev-Aqvani-Qafan yolunu təklif edib ki, sürücülər bu yolun yararsız olduğunu bildirirlər. İık növbədə ona görə ki, burada yük avtomobillərinin hərəkəti ümumiyyətlə, demək olar ki, mümkün deyil.

Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələdə də “səmimiyyət” oyunu quran Paşinyan siyasi kəndirbazlıqla məşğul olur. Çox müxtəlif xəritələrin mövcudluğunu etiraf edən və onları nədənsə "şəkilli kağız" adlandıran erməni baş nazir, elə Aərbaycanın mövqeyinə uyğun qaydada Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritənin olmadığını bildirir. Beləliklə də, guya Azərbaycan silahlı qüvvələrinin artıq Ermənistanın ərazisinə müdaxilə etdikləri barədə erməni tərəfin bəyanatlarının cəfəngiyyat olduğunu təsdqiləyir. Əgər həqiqətən də dəqiq sərhədlər xəritəsi yoxdursa, onda həmin bəyanatlar hansı sənədlərə istinadən verilir? Yox, əgər söhbət Şərqi Zəngəzurdan gedisrə, bu ərazi bütün beynəlxalq sənədlərə əsasən məhz Azərbaycan ərazisidir.

Ermənistanın baş nazirinin anklavlarla bağlı coğrafi “düşüncələri” də məntiqi baxımdan birmənalı şəkildə axsayır. Məsələn, Qazax istiqamətində Ermənistan ərazisində olan Azərbaycan anklavları barəsində danışmağın əssasız olduğunu deyən Paşinyan, onların hüquqi əsasları barədə sualların yarandığını söyləyir. Əslində o, belə səbatsız deyimlə, Azərbaycanın da tam haqlı olaraq nəinki Qərbi Zəngəzurun, Dərələyəz və Şərqi Göyçənin, hətta İrəvanın da heç bir hüquqi əsas olmadan Ermənistana verilməsi barədə vəsadət qaldırmasına yaşıl işıq yandırır. Çünki məhz erməni Levon Mirzəyanın Azərbaycan SSR KP MK-ya rəhbərliyi dövründə 1929-cu ildə böyük miqyaslı Azərbaycan ərazilərinin Ermənistana “hədiyyə” edildiyini təsdiqləyən sənədlər heç yerə itməyib.

Elə bu kontekstdə də Paşinyanın Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham etməsi onun sırf erməniçilik ideologiyasının əsiri olduğunun sübutudur. Çünki 30 il ərzində məhz Ermənistan Azərbaycana qarşı müharibə aparıb. Həta bu günün özündə belə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri qalmaqdadır. Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalından hələ qurtulmayıb. Hərçənd üçtərəfli Bəyannaməyə əsasən İrəvan bu öhdəliyi də yerinə yetirməlidir. Paşinyan hökumətinin təkilf etdiyi sənədin Ermənistan parlamentində az qala “ura” sədaları altında təsdiq olunması məhz İrəvanın Azərbaycana qarşı ərazi iddiaları xülyası ilə yaşadığını növbəti dəfə sübuta yetirib. Bütün reallıqlara və tarixi faktlara rəğmən, Paşinyanın israrla Qarabağı yenə də “Artsax” adlandırmasını və Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə hüququna malik olduğunu bildirməsini də başqa heç cür yozmaq mümkün deyil. Bax əsil aqressiv siyasət budur.

Bu fonda Nikol Paşinyanın Ermənistan cəmiyyətində dərin psixoloji problemlərin olduğunu etiraf etməsi heç də təəccüblü görünmür. Çünki onilliklər boyu Ermənistan cəmiyyətinin və dünya erməniliyinin şüuruna yeridilən “düşmən türk” ideyası öz “bəhrəsi”ni verib və bu siyasət indinin özündə də dayandırılmadığına görə, bunun əksini demək istəyən hər bir erməni “türk” və ya “türkün xidmətçisi” adlandırılaraq düşmənlər siyahısına salınır. 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyinə haqq qazandırdığına görə erməni əsilli məşhur rusiyalı kinorejissor Karen Şahnazarovun ünvanına erməni millətçilərinin hansı təhqir və təhdidləri səsləndirdikləri yaddaşlardan hələ silinməyib və silinməyəcək də.
Uzun illərdəir ki, ermənilər haqqında “qurbanlıq quzu”, “yazıq, əzilən xalq” fikrini formalaşdıran və bu gün də belə çürük ideyanın ermənilərin təfəkküründə nəinki qalmasına, hətta güclənməsinə çalışan qüvvələr isə onlardan əlerişli olduğu qədər də çirkin bir alət kimi istifadə edirlər. Bundan öz naqis məqsədləri çərçivəsində yararlanan erməni millətçiləri və erməniçilik ideoloqları beynəlxalq aləmdə müsəlman, türk dövlətlərinin əhatəsində olan Ermənistanın əzilməsi, təzyiqlərə və soyqırıma məruz qalması yalanlarını istismar etməklə dividendlər qazanır, Türkiyəyə və Azərbaycana qarşı təsir elementləri formalaşdırırlar. Bu kontekstdə onlar Ermənistanın gələcəyini qonşu ölkələrlə normal münasibətlərin və əməkdaşlıq əlaqələrinin qurulmasında, regionun siyasi-iqtisadi həyatına qatılmasında yox, düşmənçilik, nifrət davranışının, “qurbanlıq quzu”, “soyqırım qurbanı” uydurmalarının davam etdirilməsində görürlər.

Elə bu siyasətin məntiqi davamı kimi də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə noyabrın 9-da keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması ilə bağlı spekulyativ bəyanatlar verir. Halbuki, Rusiyanın diplomatik mənbələri görüşün baş tutmamasının səbəbkarının məhz Paşinyan olduğunu və heç bir səbəb göstərmədən erməni tərəfin tədbirə bir gün qalmış görüşdən boyun qaçırdığını vurğulayırlar. Halbuki, Moskvanın təklifi ilə tərəflər arasında 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırdı. Bu görüşdən qaçmaqla öz strateji müttəfiqi adlandırdığı Rusiyaya etinasızlıq göstərən Paşinyan, belə bir görüşün Brüsseldə təşkili ilə bağlı Avropa İttifaqına müraicət edərək, Moskvanın nüfuzuna ciddi xələl gətirdi. Amma istənilən halda, Kremlin təpkisi qarşılığında noyabrın 26-da Soçidə üçtərəfli görüşün keçirilməsinə razılaşmaq məcburiyyətində qaldı. Bu isə o deməkdir ki, Putin Paşinyanın bəhanələrinə inanacaq dərəcədə sadəlöhv deyil və bu qəbildən olan istənilən bəhanələri birmənalı şəkildə rədd edir.

Sözsüz ki, Ermənistanda anti-Rusiya əhval ruhiyyəsinin son vaxtlar xeyli kəskinləşməsi Moskva üçün, xüsusilə də Rusiyadakı ermənipərəst qüvvələr üçün çox ciddi siqnal olmalıdır. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri polkovnik Aleksandr Petrovun bu günlərdə şəxsi söhbət əsnasında məhz onunla söhbətdən 4 gün sonra Ermənistanın müdafiə naziri Karapetyanın işdən qovulduğunu diqqətə çatdrıması heç də təsadüfi deyil.

- Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm... bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər, - polkovnik Aleksandr Petrov bildirib.



Noyabrın 23-də isə ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı keçirilən “minnətdarlıq mitinq”inin təşklatçıları, səfirlik vasitəsi ilə Con Baydenə ünvanladıqları məktubda Vaşinqtonu Ermənistana “daha aktiv dəstək verməyə” çağırmaqla bərabər, Rusiyadan şikayətlənirlər.

Erməni millətçilərinin istənilən vaxt Rusiyanı arxadan vurmağa hazır olduqlarına həmin mitinqdə səsləndirilən şüarlar heç bir şübhə yeri qoymur: “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qoyulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər”.

Təsadüfi deyil ki, Paşinyanın Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını söyləməsinə rəğmən, 16 noyabr təxribatını törədən Ermənistanın rəsmiləri NATO, Avropa İttifaqı və digər qurumlara müraciət etməklə yalnız Rusiyaya yox, KTMT-nin bütün üzvlərinə qarşı düşmən mövqe tutduqlarını sübuta yetirdilər. Paşinyan isə Ermənistan sərhədlərinin qorunması üçün hətta NATO-nu dəvət etmək kimi sərsəm bir bəyant da vermişdi.

Amma ən əsas məqam ümumilkdə, 9 noyabr tarixinin onun üçün ağır bir gün olduğunu etiraf etməklə Nikol Paşinyan kapitulyasiya sənədini özünün harada imzalaması barədə Azərbaycan Prezidentinin məntiqli sualına və şübhələrinə aydınlıq gətirməsidir. Belə cür siyasi və tarixi-coğrafi “düşüncələrə” malik olan adam bunu yalnız ya zirzəmidə, ya da ki, hansısa qədim mağarada edə bilərdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Zəngəzurdəhlizi   Soçi  





Xəbər lenti