Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? - Ekspert səbəbləri açıqladı

   Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? -    Ekspert səbəbləri açıqladı
  08 Yanvar 2022    Oxunub:659
"Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb. Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb. Bir çoxlarımız, o cümlədən mən də orta məktəbdə oxuyanda müəllimim döyüb".
AzVision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert direktor və müəllimlərin şagirdi döyməsinə cəmiyyətdə sərt reaksiyanın verilməsini məktəbin öz funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqələndirib.

"Bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi. Evdə bunu desək, yenə döyərdilər ki, "bəs sən nə etmisən ki, müəllimin döyüb". Bəs indi niyə sərt reaksiya, tənqid olunur döyən müəllim, direktor? Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir.

Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü.

Bəs indi necədir vəziyyət? Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Yəni valideynləri övladı üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.

Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, "sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən?"

Bəli, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir. bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir".

Qeyd edək ki, bir müddət öncə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdləri döyməsi ilə bağlı video paylaşılmışdı.

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb   Şagird  





Xəbər lenti