Tonoyan açıq məhkəmə tələb edir

   Tonoyan açıq məhkəmə tələb edir
  18 Yanvar 2022    Oxunub:749
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan məhkəməsinin açıq formada aparılmasını tələb edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Eks-müdafiə naziri David Tonoyan ona qarşı açılmış cinayət işinin ictimai araşdırılmasını təmin etmək üçün açıq məhkəmə iclaslarının keçirilməsini tələb edir. Bu barədə Tonoyanın vəkilləri bəyanat yayıblar. İbtidai istintaq orqanının, prokurorluğun hesabatlarında və nəşrlərdə Ermənistana göndərilən raketlərin qiyməti, onların növü, çatdırılma müddəti və işin digər halları aşkar edildiyi bir şəraitdə dövlət təhlükəsizliyindən, məxfiliyindən və ya mühafizəsindən, qapalı məhkəmə iclasından söhbət gedə bilməz. Ona görə də məhkəmə iclaslarının qapalı keçirilməsi cinayət işində hər hansı sübutun olmamasını, habelə ittiham edən tərəfin iddialarının əsassızlığını gizlətməyə cəhd olacaq.

İrəvanda daha bir qalmaqallı istintaq başa çatıb: Eks-baş nazir dindirilib
Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti və digər strukturlar bu cinayət işini süni şəkildə 44 günlük müharibə ilə əlaqələndirməyə çalışıblar, ona görə də David Tonoyan ictimai araşdırma aparmağı və ittihamları təkzib etməyi zəruri hesab edir,-məqalədə yazılıb.

Xatırladaq ki, keçmiş müdafiə naziri ötən ilin sentyabrında həbs edilib. Onunla bərabər istintaq təcridxanasına Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və ordu məsələləri ilə birbaşa bağlı olan biznesmen David Qalstyan salınıb. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasına dair proseslərdə iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tonoyan   Məhkəmə   Ermənistan  





Xəbər lenti