Samuray məktəbi - Murad Köhnəqalanın yazısı

      Samuray məktəbi    - Murad Köhnəqalanın yazısı
  27 Mart 2022    Oxunub:3775
Samuraylar eramızın birinci əsrində qədim Yaponiyada meydana çıxan xüsusi döyüşçü təbəqəsi olub. Onlar son dərəcə qorxmaz, cəsur, dövrün silahlarından mükəmməl istifadə edə bilən elit hərbçi-idmançı qrupları idi.
Samuraylıq məktəbi I əsrdə yaranmasına baxmayaraq, onların gücündən əsasən, VII-VIII əsrlərdə daha geniş istifadə olunmağa başlandı. Çünki bu dövrdə Yaponiyada feodal - monarxiya dövlətçilik quruluşu öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. O zaman bütün torpaqlar şəxsi mülkiyyətə verilmişdi və cəmiyyətdə əsas söz sahibləri iri feodallar idi. Feodallar arasında tez-tez silahlı toqquşmalar baş verdiyindən onlar özlərinin, eləcə də əmlaklarının təhlükəsizliyi üçün samurayların xidmətindən istifadə edirdilər.

"Samuray" sözü "xidmət etmək" kimi tərcümə olunan “saberu” yapon sözündəndi. Başqa sözlə, samuray - xidməti döyüşçüdü. Amma samurayların vəzifəsi təkcə döyüşməkdən ibarət deyildi. Onlar həm də ağalarının cangüdəni kimi çalışır, gündəlik işlərində ona xidmət göstərirdilər.

Təhsil, təlim, hazırlıq

Samuray ailəsində gələcək döyüşçülərin tərbiyəsi kiçik yaşlardan samurayların şərəf kodeksinə - buşidoya uyğun həyata keçirilirdi. Samurayın oğluna erkən yaşda bir və ya iki (atasının rütbə və vəzifəsindən asılı olaraq) balaca taxta qılınc verilirdi. Bununla da uşağa kiçik yaşlarından qılınca hörmət etməyi öyrədirdilər. Əxlaq normalarının öyrədilməsində Konfusi təliminə istinad olunurdu. Konfusi təliminin əsas müddəalarından birinə görə, övladlar valideynlərinə hörmət və ehtiram göstərməyə, onlarla mübahisə etməməyə, valideynlər uşaqlarla pis rəftar etsə belə, onlara cavab qaytarmamağa borcludur.

Uşaqlarda “oğulluq öhdəliyi”ni (oyakoko) aşılamaq təkcə valideynlərə hörməti inkişaf etdirmək deyil, həm də döyüşçünün atası hesab edilən imperatora sədaqət təlqin edilirdi. Bütün bunlarla yanaşı, gələcək samuraylarda müəllimə qarşı da xüsusi ehtiram formalaşdırırdılar. Samuray üçün müəllimin nüfuzu heç də atadan aşağı deyildi. Müəllimin göstərişləri, bir qayda olaraq, mübahisəsiz yerinə yetirilirdi. Bir Samuray aforizmində deyilir: “Mənə həyat verən valideyin, məni həyata hazırlayan isə müəllimdir”.

Ailə tərbiyəsi və mentor (ustad) dərsləri gənc varislərin yetişdirilməsində iki əsas şərt idi. Mentorlar valideynlərə hörmət, ağaya sədaqət və buddistlərin ölümə etinasızlıq təlimi əsasında ideal döyüşçü modelini yaradırdılar. Gənclərdə bu cür düşüncə tərzini həm də məşhur qəhrəman samurayların qorxmazlığından, hərbi şücaətindən bəhs edən roman və hekayələri tədris etməklə, onlara qəhrəmanlıq teatr tamaşaları göstərməklə formalaşdırırdılar.


Mifik vahimələri yenməsi, cəsarət və qorxmazlıq öyrənməsi üçün ustadlar gələcək samuraylara gecələr qəbiristanlıqda, yaxud vahiməli xarabalıqlarda tənha gecələməyi əmr edirdilər. Gələcək samurayların təfəkküründə ölümü adiləşdirmək məqsədi ilə onları ictimai cəzalara və edamlara baxmağa aparırdılar. Cəza hökmlərinə görə başı kəsilən, əzaları qoparılan, qılıncla şaqqalanan adamlara tamaşa edən gənc samurayların hər biri orada olduğunu təsdiqləmək üçün edam lövhələrinə öz şəxsi işarəsini qoyurdu.

Dözüm və əzmkarlıq yaratmaq üçün gənc samurayları çox ağır işlər görməyə, gecələr yuxusuz dayanmağa, su altında qalmağa, qışda ayaqyalın gəzməyə, sübh tezdən oyanıb durmağa və s. məcbur edirdilər. Bu siyahıya günlərlə ac qalmaq da daxil idi.

Samuraylığa hazırlaşan gənc oğlan və qızlara öz hərəkətlərini və hisslərini nəzarətdə saxlamaq, emosiyalarını idarə etmək, xüsusilə, kədərlənməmək və ağlamamaq öyrədilirdi. Bir pritçada deyilir ki, samuraylığa hazırlanan balaca oğlunu ağlamsınmış görən anası ona belə deyir:
- Niyə xırda şeylərə görə ağlayırsan, qorxaq?! Bəs döyüşdə qolun kəsiləndə, yaxud harakiri etməyə məcbur qalanda neyləyəcəksən?

Beləcə, əsilzadə samurayların övladları hələ erkən yaşlarından şərəf və məsuliyyət hissi ilə, düzlüklə, reallıqla, nizam-intizamla tərbiyə edilirdi. Bu tərbiyə konkret olaraq, özündə qorxmazlığı, soyuqqanlılığı və dözümlülüyü ehtiva edirdi. Məhz, bu cür təlimlərin sayəsində samuraylar ən çətin vəziyyətlərdə belə düşüncə aydınlığını itirmirdilər.

Gələcək samuraylardan daim məşq etmək, döyüş sənətini təkmilləşdirmək, fiziki güc və çeviklik tələb olunurdu. Onlar qılınc və nizə ilə döyüşmə texnikasını, ox atmağı, at minəyi, döyüş taktikalarını mükəmməl bilməli idilər. Hər bir samurayın evində qılıncoynatma, oxçuluq və fiziki məşqlər üçün geniş zallar olurdu. Samurayların təhsili, bir qayda olaraq, 8 yaşında başlayıb, 16 yaşında başa çatırdı.

Samuraylara döyüş sənəti ilə yanaşı, ədəbiyyat, fəlsəfə, tarix kimi elmlər də öyrədilirdi. Feodalın malikanəsində didaktika, klassik Çin ədəbiyyatı, bədii yaradıcılıq və digər fənlər öyrədən xüsusi məktəblər samuraylar tərəfindən qəbul edilmirdi. Belə təhsil ocaqlarında əsasən döyüş sənətinə yararsız, zəif və ya zorakılıqdan könüllü əl çəkənlər təhsil alırdılar.


Gələcək samurayın hazırlığı artıq 15 yaşında tamamlanmalı idi. Bu yaş dövrünü başa vurduqda ona döyüş üçün həqiqi qılınclar verilir. Qaydaya görə samuray ömrünün sonuna qədər bu qılınclardan ayrılmır. Qızlara isə qısa kaiken xəncəri verilirdi. Bu, həmin qadının samuray sinfinə aid olduğunu göstərən əlamət idi.

Samurayın zahiri görünüşü

Qədim ənənəyə görə yetkinlik (genbuku) bayramı zamanı gəncə samuray saç düzümü - sakayaki edirdilər. Yəni, samurayın saçlarını alın tərəfdən yuxarıya doğru qırxır və arxadakı saç hörüyünü tac kimi yumrulayırdılar.

Yaponiyada yetkinliyə qədəmqoyma mərasimi qədim zamanlardan həm zadəganlar, həm də adi insanlar arasında keçirilirdi. Yetkin samuray bu şənlikdə ilk dəfə böyüklərin paltarını geyinirdi. Bu geyim yubkaya bənzəyən geniş ətəkli şalvar (hakama) idi və samurayların xüsusi geyim növü sayılırdı. Bu cür mərasimlərdə evlənən gənc samuray “yetkin” adını qazanır. “Yetkin” samuray bu mərasimdə öz döyüş bacarıqlarını nümayiş etdirir və həmin gündən xanımı ilə birgəyaşayış həyatına başlayır.

Buşido fəlsəfəsi

Samuraylıq məktəbi ümumən "Buşido" fəlsəfəsinə əsaslanır. "Buşido" - "döyüşçünün yolu" deməkdir. Bu fəlsəfədə əsas ideya ölüm qorxusuna qalib gəlməkdir. Məhz bu qorxunu öz daxilində yenən şəxs “samuray” adını qazana bilirdi.

İkinci Dünya müharibəsi zamanı Yaponiya dövləti Buşido ruhunu yenidən dirçəldərək yapon kişilərinə müraciət etdi və onlara samuray nəvələri olduqlarını xatırlatdı. Beləliklə, ana ideyası Buşido olan kamikadze məktəbi yarandı və Sakit Okeanda Yaponiyaya qarşı hərbi əməliyatlar aparan ABŞ donanmasını məhv edən ilk intiharçı pilotlar meydana gəldi.

Murad Köhnəqala
AzVision.az üçün


Teqlər: Samuray  





Xəbər lenti