Britaniya kəşfiyyatı: "Rus hərbi texnikaları nüvə reaktorunun 60 metrliyindədir" - FOTO

      Britaniya kəşfiyyatı:    "Rus hərbi texnikaları nüvə reaktorunun 60 metrliyindədir" -    FOTO
  25 Avqust 2022    Oxunub:2622
Ruslar Ukraynanın Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasının(ZAES) beşinci reaktorundan 60 metr aralıda öz hərbi qüvvələrini yerləşdiriblər. Bu cür fəaliyyətlər reaktorun soyutma sistemlərinin pozulmasına gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı Tvitterdə məlumat yayıb.

"Rusiyanın tankları tükənib, ekipajların intizamsızlığı artıb" - Britaniya kəşfiyyatı
Qeyd edilir ki, avqustun 21-dən peykdən çəkilmiş görüntülər rusların ZAES-dəki hərbi mövcudluqlarınını artmasını göstərir. Onlar zirehli transportyorlarını beşinci reaktordan 60 metr aralıda yerləşdiriblər.

Eyni zamanda ruslar həmin texnikaları stansiya ərazisindəki boruların və körpülərin altında saxlayaraq gizlətməyə çalışırlar.

"Rusiya yəqin ki, Ukraynanın ZAES yaxınlığındakı istənilən hərbi fəaliyyətindən təbliğat məqsədilə istifadə etməyə hazırdır", - Britaniya kəşfiyyatı qeyd edir.

Rus hərbçilərin bu cür fəaliyyətləri reaktorların işləməsi, onların soyutma sistemlərinin sıradan çıxması, həmçinin ehtiyat enerji mənbəyinin zədələnməsi üçün risklər yaradır. Bundan başqa, Britaniya kəşfiyyatı rusların təzyiqi altında işləyən ZAES əməkdaşlarının səhvlər buraxa biləcəklərini də istisna etmir.

Xatırladaq ki, Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.

Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.

Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Nüvə-Reaktoru   Britaniya-Kəşfiyyatı  



Xəbər lenti